LEGO və FIFA futbol üzrə DÇ-2026 ilə bağlı Nyu-Yorkda nəhəng kubok maketini təqdim edib.
İdman.Biz xəbər verir ki, FIFA dünya çempionatının kuboku LEGO detalları ilə yenidən qurulub.
Nəhəng maket Nyu-Yorkun Rockefeller Plaza meydanında nümayiş etdirilib. Onun hündürlüyü 8,47 metrdir. Kubok 1 milyon 363 min 402 LEGO detalından hazırlanıb.
Layihə üzərində 59 mütəxəssis çalışıb. Maketin hazırlanması və yığılması üçün ümumilikdə 7 min 40 saat vaxt sərf olunub.
Təqdimat mərasimində Braziliya millisinin sabiq futbolçusu Kafu da iştirak edib. O, azarkeşlərlə birlikdə maketin son hissələrinin tamamlanmasına qatılıb.
LEGO-nun futbol kampaniyası çərçivəsində Kriştianu Ronaldu, Lionel Messi, Kilian Mbappe və Vinisius Juniorun minifiqurları da təqdim olunub. Şirkət bu layihə ilə DÇ-2026-nın final mərhələsi ərəfəsində futbol azarkeşlərini bir araya gətirməyi hədəfləyir.
