Gündoğandan Noyerə böyük dəstək

8 İyun 2026 09:43
119
Gündoğandan Noyerə böyük dəstək

Türkiyənin “Qalatasaray” futbol komandasının yarımmüdafiəçisi İlkay Gündoğan Almaniya millisində Manuel Noyerin Dünya Çempionatına qayıdışı ilə bağlı müzakirələrə münasibət bildirib.

İdman.Biz “BILD”ə istinadən xəbər verir ki, Almaniya millisinin sabiq kapitanı müsahibəsində Noyerin fiziki durumunun əsas amil olduğunu deyib.

“Düzünü desəm, buna bir qədər təəccübləndim. Sonda təbii ki, Manunun nə dərəcədə formada olduğuna baxmaq lazımdır. Açığı, bunu indi qiymətləndirmək mənim üçün çətindir”, - deyə Gündoğan bildirib.

O, Oliver Baumanın da komandada vacib fiqur olduğunu vurğulayıb:

“Bəlkə də yaxşı tərəfi odur ki, arxada Oli Bauman kimi möhtəşəm bir insan var. Bu, onun üçün başa düşülən şəkildə asan deyil. Amma mən Olini kifayət qədər yaxşı tanıyıram, onun necə əla insan olduğunu, komandadakı rolunu necə qəbul etdiyini və Manu ilə münasibətinin necə olduğunu bilirəm”.

Gündoğanın fikrincə, Almaniya millisində qapıçı seçimi ilə bağlı ciddi problem yaranmayacaq. O bildirib ki, Bauman şans qazansa, bundan istifadə edəcək. Noyer formada olacağı halda isə Almaniya yığmasının qapısında yenə dünyanın ən yaxşı qapıçılarından biri dayanacaq:

“Manu qapıda olanda, istər komanda yoldaşı, istərsə də rəqib kimi, onun varlığı həmişə böyük təsir bağışlayırdı. Düşünürəm ki, rəqiblər üçün də bu belədir”.

Gündoğan Noyerin yalnız adına və qazandıqlarına görə deyil, hələ də meydanda göstərdiyi performansa görə yüksək səviyyədə olduğunu söyləyib:

“Madrid oyununda bu, çox yaxşı nümunə idi. O, hələ də bunu bacarır. Bunu son vaxtlarda da sübut edib. Buna görə də istənilən komanda üçün çox böyük gücdür”.

Qeyd edək ki, Manuel Noyer 2026-cı il Dünya Çempionatı öncəsi Almaniya millisinin heyətinə qayıdıb.

İdman.Biz