İsveçrə futbol millisinin kapitanı Qranit Caka Dünya Çempionatı öncəsi komandasının hədəflərindən danışıb.
İdman.Biz xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İsveçrə yığmasının əvvəlki illərlə müqayisədə tam fərqli komanda olduğunu bildirib.
“İndi biz bir neçə il əvvəlki komandadan tamamilə fərqliyik. Yeni nəsilimiz var, çoxlu gənc futbolçularımız var. Eyni zamanda gəncliklə təcrübənin yaxşı qarışığı formalaşıb. Bizim üçün məsuliyyəti üzərimizə götürmək və gənc futbolçulara yaxşı nümunə olmaq vacibdir”, - deyə kapitan söyləyib.
Caka azarkeşlərin Şimali Amerikada mübariz, sonadək döyüşən komanda görəcəyini deyib.
“İsveçrəli azarkeşlər bizdən nə gözləyə bilərlər? Həm meydanda, həm də meydandan kənarda vahid və sıx bir komanda. 90-cı, 95-ci dəqiqəyə qədər bütün gücünü ortaya qoyan kollektiv”.
Yarımmüdafiəçi Dünya Çempionatında ilk hədəfin qrup mərhələsini uğurla keçmək olduğunu vurğulayıb.
“Qrup mərhələsini problemsiz keçmək İsveçrə və komandamız üçün son dərəcə vacibdir. Millimiz üçün ideal ssenari nədir? Mən böyük xəyallar qurmağı sevirəm. İndi ağlımdakı sözü deməyəcəyəm. Amma xəyal qurmaq olar, bu, faydalıdır”.
Qeyd edək ki, İsveçrə millisi Dünya Çempionatında B qrupunda çıxış edəcək. Komandanın rəqibləri Kanada, Bosniya və Herseqovina, həmçinin Qətər yığmaları olacaq.
