Arbeloa “Barselona”nı təbrik etdi: “Real Madrid” həmişə geri qayıdır”

11 May 2026 11:41
164
Arbeloa “Barselona”nı təbrik etdi: “Real Madrid” həmişə geri qayıdır”

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa La Liqanın 35-ci turunda “Barselona”ya 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlcə Kataloniya klubunu çempionluq münasibətilə təbrik edib. Arbeloa “Real Madrid”in azarkeşlərini anladığını və komandanın mövsümdən ciddi dərs çıxarmalı olduğunu bildirib.

“Azarkeşlərə çox şey deyə bilmərəm. Onların nə qədər üzgün və məyus olduqlarını anlayıram. İndi edə biləcəyimiz yeganə şey bu mövsüm baş verənlərdən nəticə çıxarmaq və daha çox çalışmaqdır. “Real Madrid” uğursuzluqlara baxmayaraq həmişə güclü formada geri qayıdır”, - deyə Arbeloa bildirib.

O, Cud Bellingemə qarşı epizodda VAR-ın müdaxilə etməməsindən narazı qalıb. Arbeloanın sözlərinə görə, ingiltərəli futbolçuya açıq-aşkar dirsəklə zərbə endirilib, lakin qərar dəyişməyib.

Baş məşqçi Kilian Mbappenin mövsümün qalan hissəsində oynayıb-oynamayacağı ilə bağlı da ehtiyatlı danışıb. Arbeloa fransalı hücumçunun durumunun ağrının səviyyəsindən asılı olacağını söyləyib.

Mütəxəssis heyətin yenilənməsinə ehtiyac olmadığını da vurğulayıb. Onun fikrincə, “Real Madrid” çoxlu titullar qazana biləcək güclü komandaya malikdir, lakin bu mövsüm çoxsaylı zədələr nəticəyə təsir göstərib.

Arbeloa Deyn Heysenin oynamaq istədiyini, lakin isinmə hərəkətləri zamanı özünü zəif hiss etdiyi üçün meydana çıxa bilmədiyini də açıqlayıb. O, gələcəyi ilə bağlı klubla yaxın vaxtda danışacağını və yekun qərarın mayın sonunda bəlli olacağını bildirib.

İdman.Biz