UEFA Avropa Liqasının 1/4 final mərhələsində İspaniyanın “Betis” və Portuqaliyanın “Braqa” komandaları arasında cavab qarşılaşması keçirilib. Seviyadakı “Olimpiko de Sevilya - La Kartuxa” stadionunda baş tutan və altı qolun vurulduğu gərgin mübarizə qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyun meydan sahibləri üçün ideal başlayıb. 13-cü dəqiqədə braziliyalı Antoni “Betis”i önə keçirib, 26-cı dəqiqədə isə Abde Ezzalzuli hesabı 2:0 edib. 29-cu dəqiqədə Ezzalzulinin vurduğu daha bir qol VAR baxışından sonra ləğv edilib ki, bu da oyunun qırılma nöqtəsi olub. 38-ci dəqiqədə “Braqa”nın hücumçusu Pau Viktor fərqi azaldaraq komandasını ümidləndirib.
İkinci hissədə “Braqa” rəqibini şoka salıb. 49-cu dəqiqədə müdafiəçi Vitor Karvalyo tarazlığı bərpa edib, 53-cü dəqiqədə isə Rikardu Orta penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqları önə çıxarıb. Matçın 74-cü dəqiqəsində Jan-Batist Qorbi dördüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib.
Xatırladaq ki, Portuqaliyadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə bitmişdi. İki oyunun nəticəsinə görə (5:3) yarımfinala vəsiqə qazanan “Braqa” bu mərhələdə “Frayburq”la qarşılaşacaq. “Betis” isə öz meydanında aldığı bu ağır məğlubiyyətlə turnirlə vidalaşıb.
01:10
UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin “Aston Villa” və İtaliyanın “Bolonya” komandaları arasında cavab görüşü keçirilib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunda hesabı 16-cı dəqiqədə Olli Uotkins açıb. 25-ci dəqiqədə “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers penaltidən yararlana bilməsə də, cəmi bir dəqiqə sonra Emiliano Buendiya fərqi ikiyə çatdırıb. Rocers 39-cu dəqiqədə səhvini düzəldərək hesabı 3:0 edib, matçın sonunda - 89-cu dəqiqədə isə müdafiəçi Ezri Konsa yekun nöqtəni qoyub.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə də Birmingem təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə (7:1) yarımfinala yüksələn “Aston Villa” bu mərhələdə “Nottingem Forest”lə qarşılaşacaq.
Qeyd edək ki, “Bolonya” 1/8 finalda “Roma”nı mübarizədən kənarlaşdıra bilsə də (5:4), İngiltərə klubu qarşısında aciz qalıb.
01:05
UEFA Avropa Liqasının 1/4 final mərhələsində İngiltərənin “Nottinqem Forest” və Portuqaliyanın “Portu” komandaları arasında cavab qarşılaşması baş tutub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyun “Portu” üçün şokla başlayıb. Matçın səkkizinci dəqiqəsində qonaqların müdafiəçisi Yan Bednarek birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən dərhal istifadə edən “Nottinqem Forest” 12-ci dəqiqədə Morqan Gibbs-Uaytın vurduğu qolla önə keçib. Qalan dəqiqələrdə hesab dəyişməyib.
Xatırladaq ki, komandalar arasında Portuqaliyada keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə (2:1) yarımfinala vəsiqə qazanan “Nottinqem Forest” bu mərhələdə digər İngiltərə təmsilçisi “Aston Villa” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Portu” 1/8 finalda “Ştutqart”ı üstələsə də (4:1), bu dəfə turnirlə vidalaşmalı olub. “Nottinqem Forest” isə əvvəlki mərhələdə “Midtyulland” səddini penaltilər seriyasında keçməyi bacarmışdı.
22:59
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Frayburq” səfərdə “Selta” üzərində inamlı qələbə qazanıb - 3:1.
İdman.Biz xəbər verir ki, Almaniya təmsilçisi İspaniyada keçirilən görüşdə üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Qonaqların heyətində İqor Matanoviç bir dəfə fərqləndiyi halda, Yuito Suzuki dubl edərək qələbədə böyük pay sahibi olub. Meydan sahiblərinin yeganə təsəlli qoluna isə Villiot Svedberq imza atıb.
İki oyunun nəticəsinə görə rəqibini 6:1 hesabı ilə üstələyən “Frayburq” adını yarımfinala yazdırıb. Almaniya klubu final yolunda “Braqa” - “Betis” (ilk oyun - 1:1) cütünün qalibi ilə qarşılaşacaq.
09:16
Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.
Günün ilk oyununda İspaniya təmsilçisi “Selta Viqo” və Almaniyanln “Frayburq” komandası üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də, digərləri isə 23:00-da baş tutacaq.
İngiltərənin “Nottingem Forest” komandası isə Portuqaliya təmsilçisi “Portu”nu qəbul edəcək.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
20:45. “Selta” (İspaniya) - “Frayburq” (Almaniya)
İlk oyun - 0:3
23:00. “Betis” (İspaniya) - “Braqa” (Portuqaliya)
İlk oyun - 1:1
23:00. “Nottinqem Forest” (İngiltərə) - “Portu” (Portuqaliya)
İlk oyun - 1:1
23:00. “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya)
İlk oyun - 3:1
