“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Darren Fletçer komandanın müvəqqəti baş məşqçisi olacaq və bu gün vəzifəsindən kənarlaşdırılan Ruben Amorimin yerinə keçəcək.
İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, “mankunianlılar” gələn yay yeni daimi baş məşqçi təyin etmək niyyətindədirlər. Müvəqqəti baş məşqçi cari mövsümün sonuna qədər komandada çalışacaq.
Darren Fletçer “Mançester Yunayted”in gənclər sisteminin yetirməsidir, 2002-ci ildən 2015-ci ilə qədər klubda oynayıb və ötən yaydan bəri “qırmızı şeytanlar”ın gənclər komandasına məşqçilik edir. “Mançester Yunayted” hazırda Premyer Liqa turnir cədvəlində altıncı yerdədir.
