“Borussiya Dortmund”un azarkeşləri Almaniya Kubokunun 1/8 final mərhələsində “Bayer Leverkuzen”lə oyun zamanı məzhəkə düzəldiblər.
İdman.Biz xəbər verir ki, azarkeşlər üzərində Daxili İşlər Nazirliyinə göndərilən rəsmi məktubun təsvir olunduğu banner nümayiş etdiriblər.
Qeyd edək ki, 3-5 dekabr tarixlərində Daxili İşlər Nazirliyi Bremendə konfrans keçirəcək. Medianın məlumatına görə, burada futbol stadionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Daha əvvəl polisin fərdi bilet alışını və matçlara qatılmaq üçün daha sərt məhdudiyyətləri nəzərdən keçirdiyi bildirilmişdi. Bəzi mənbələrdə üz tanıma sisteminin tətbiqi və pirotexniki vasitələrin tamamilə qadağan edilməsinin nəzərdə tutulduğu qeyd olunur.
“Xanımlar və cənablar, xahiş edirik, aşağıdakı məqamlara diqqət yetirin. Xahiş edirik, unutmayın ki, populist tələblər heç bir faktiki əsas olmadan irəli sürülə bilməz. İctimaiyyət faktlara əsaslanan və şəffaf müzakirəyə layiqdir. Danışıqlar dərhal başlamalıdır. Sonda sizə konstruktiv həll konsepsiyası təklif edirik. Stadionlar təhlükəsizdir”, – azarkeşlərin DİN-ə ünvanladığı məktubda deyilir.
Ötən həftə birinci və ikinci Bundesliqanın bütün stadionlarında azarkeşlər matçların ilk 12 dəqiqəsində susaraq etirazlarını bildiriblər.
