“Nitsa”nın baş məşqçisi Frank Ez azarkeşlərin oyunçuları döyməsi ilə bağlı hadisəyə baxmayaraq klubda qalmaq niyyətində olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, sözügedən hadisə “Nitsa”nın “Loryan”a 3:1 hesablı məğlubiyyətindən sonra baş verib.
Klubun məşq bazasına təxminən 400 azarkeş gəlib. Qrup əvvəl baş məşqçi Frank Ezin istefasını tələb edib. Vəziyyət sonradan daha da gərginləşib və aqressivlik oyunçulara yönəlib.
“Əslində klubdan ayrılmağı düşünürdüm, hətta bundan da çoxunu. Amma insanlıq naminə qalıram. Həmin gecə yatmadım və özümə dedim ki, sadəcə qalxıb gedə bilmərəm. Komandadan ayrılmağa hazır idim və rəhbərlik bunu bilirdi. Bazar günü baş verənlər son damla oldu”, - “L'Équipe” Ezdən sitat gətirib.
“Nitsa” hazırda Fransa Liqası 1-in turnir cədvəlində 17 xalla 10-cu yerdədir.
Qeyd edək ki, hadisə zamanı onlarla azarkeş klubun qara dərili oyunçularından Jeremi Boqa və Teremas Moffiyə həm fiziki olaraq, həm də sözlə hücum edib. Oyunçulara təpik, şillə vurulub, tüpürülüb. Kot-d'İvuarlı və nigeriyalı hücumçular da hücum edən azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıblar.
Hadisədən sonra Jeremi Boqa və Teremas Moffi artıq “Nitsa”da oynamaq istəmədiklərini bəyan ediblər.
