“İnter Mayami”nin hücumçusu Luis Suaresin gələcəyi qeyri-müəyyən olaraq qalır.
İdman.Biz-in “İnter Miami News Hub”a istinadən verdiyi məlumata görə, 38 yaşlı hücumçunun müqaviləsi bu ilin sonunda bitir və müqavilənin uzadılması ilə bağlı danışıqlar müvəqqəti olaraq dayandırılıb.
“İnter Mayami” uruqvaylı hücumçu ilə işləməyə davam etməyə hazırdır, lakin bu, yalnız maaşının azaldılmasına razılıq verəcəyi təqdirdə mümkündür. Suares ümumiyyətlə bu cür şərtləri qəbul etməyə hazırdır, lakin son qərar MLS pley-off mərhələsi başa çatdıqdan sonra veriləcək.
Luis Suares “İnter Mayami”yə 2024-cü ilin əvvəlində qoşulub. O, bu mövsüm 49 oyun keçirib, 17 qol vurub və 17 məhsuldar ötürmə edib.
