Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə səfər oyunu ərəfəsində bukmekerlər “Qarabağ”ı yenə də aydın şəkildə autsayder rolunda görməkdə davam edirlər.
İdman.Biz-in məlumatına görə, italyan klubunun qələbəsinə qoyulan əmsallar 1.28–1.33 civarında dəyişir, heç-heçəyə 5.5–6.0, “Qarabağ”ın qələbəsinə isə 9.0-11.0 əmsal verilir.
Ehtimal baxımından bu rəqəmlər “Napoli”nin qələbəsi üçün təxminən 70–75 faiz, Azərbaycan çempionunun qələbəsi üçün təxminən 10 faiz, heç-heçə üçün isə 15-18 faiz şans deməkdir.
Maraqlıdır ki, bukmekerlərin qiymətləndirməsinə əsasən, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki ən az şansı startda “Benfika”ya qarşı keçirilən səfər matçında (3:2) olub. Həmin vaxt Ağdam klubunun qələbəsinə təklif edilən əmsal təxminən 14.50 idi ki, bu da onun uğur qazanma ehtimalının 10 faizdən aşağı olduğunu göstərirdi.
Analitiklərin Azərbaycan komandasına ən yüksək dəyər verdiyi matç isə “Kopenhagen”ə qarşı keçirilmiş ev oyunu idi (2:0). “Qarabağ”ın qələbəsinə təklif edilən əmsallar 2.60–2.70 civarında dəyişirdi ki, bu da təxminən 40 faiz ehtimala uyğun gəlirdi. Həmin qarşılaşmada ağdamlılar favorit statusuna mümkün qədər yaxın idilər.
“Qarabağ” “Atletik” (1:3) ilə Bilbao səfərində və “Çelsi” (2:2) ilə Bakıda keçirildiyi matçlara da autsayder kimi çıxmışdı, lakin Lissabondakı qədər qabarıq deyil. Həmin oyunlarda Ağdam təmsilçisinin qələbəsinə verilən əmsallar 9.00–10.00 civarında olmuşdu ki, bunlar da hazırda “Napoli” ilə oyun öncəsi təklif edilən rəqəmlərə yaxındır.
Beləliklə, Neapol səfəri öncəsi bukmekerlər “Qarabağ”ın qələbə şansını “Benfika” ilə oyundan yüksək, lakin “Kopenhagen”lə ev matçından aşağı qiymətləndirirlər. Bununla yanaşı, Azərbaycan çempionunun cari mövsümdə göstərdiyi nəticələr artıq göstərib ki, hətta belə əmsallar fonunda belə, komandamız istənilən favoritə müqavimət göstərə bilir.
Xatırladaq ki, “Napoli” - “Qarabağ” qarşılaşması noyabrın 25-də, çərşənbə axşamı Neapolda, Dieqo Maradona stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Qrup mərhələsinin dörd turundan sonra Qurban Qurbanovun komandası yeddi xalla turnir cədvəlində 15-ci, Antonio Kontenin yetirmələri isə dörd xalla 24-cü yerdə qərarlaşıb.
Teymur Tuşiyev
