Ölkə futzalının ən tanınmış simalarından biri olan Vitali Borisov, futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün keçiriləcək “Araz-Naxçıvan” - “Benfika” matçından uğurlu nəticələr gözləmir.
İdman.Biz-in məlumatına görə, yaxın keçmişdə ölkə futzalının aparıcı simalarından biri olmuş Borisov, naxçıvanlı komandanın ilk oyunda qələbə qazanacağına inanmır.
“Çox istərdim ki, komandamız qalib gəlsin, amma, təəssüf ki, bunu bu axşam etmək son dərəcə çətin, hətta deyərdim ki, mümkün olmayacaq. “Araz-Naxçıvan”ın müxtəlif səbəblərə görə əsas heyətin futbolçuları olan üç braziliyalısı oynamayacaq. Bundan əlavə, “Benfika” onsuz da bu cütün mütləq favoritidir və portuqallar turnirin qrup mərhələsində əla çıxış ediblər. Düşünürəm ki, onlar bu dəfə də qalib gələcəklər, amma maksimum iki top fərqi ilə. Cavab oyununda isə klubumuz bu fərqi aradan qaldırmaq və 1/4 finala yüksəlmək üçün mümkün olan hər şeyi edəcək. Əminəm ki, iki oyunun nəticəsinə görə “Araz-Naxçıvan” belə güclü rəqib olan “Benfika”nı da keçə biləcək”, - deyə Vitali Borisov qeyd edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Benfika” oyunu bu gün İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.
Vüqar Vüqarlı
