“Ayntraxt” “Napoli”yə qarşı azarkeşsiz oynayacaq

Xəbərlər
18 Oktyabr 2025 04:07
45
“Ayntraxt” “Napoli”yə qarşı azarkeşsiz oynayacaq

“Ayntraxt Frankfurt”un azarkeşləri Çempionlar Liqasının 4-cü turunda “Napoli” ilə keçiriləcək oyunda iştirak edə bilməyəcəklər.

İdman.Biz bu barədə “CalcioNapoli1926”ya istinadən xəbər verir.

Qarşılaşma noyabrın 4-də Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.

Nəşrin məlumatına görə, İtaliya hüquq-mühafizə orqanları Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün 1/8 final mərhələsindəki oyunda (“Napoli” 3:0 hesabı ilə qalib gəlib) hərəkətlərinə görə alman klubunun azarkeşlərinin oyuna gəlməsinə qadağa qoyub.

Oyundan sonra “Ayntraxt”ın fanatları iğtişaşlar törədib, avtomobilləri yandırıb və digər qanunları pozub. Daha sonra onlara qarşı intizam tədbirləri görülüb.

Bu ilin oktyabr ayının əvvəlində Bundesliqa klubu matçın neytral stadionda keçirilməsi ilə bağlı UEFA-ya rəsmi müraciət təqdim etsə də, tənzimləyici qurum bundan imtina edib.

Qeyd olunur ki, Avropa Futbol Assosiasiyaları İttifaqı öz qərarına yenidən baxa bilər.

Xatırladaq ki, hər iki klub UEFA Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ”ın rəqibidir. Ağdam klubu “Napoli” ilə noyabrın 26-da Neapolda, “Ayntraxt”la isə 2026-cı il yanvarın 21-də Frankfurtda qarşılaşacaq.

İdman.Biz