Mahir Emrelinin çıxışı Polşa mətbuatında diqqət çəkdi

9 Noyabr 2026 13:07
57
Mahir Emrelinin çıxışı Polşa mətbuatında diqqət çəkdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının 14-cü turunda “Legiya”ya qarşı səfər matçında (4:2) məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, “Rakuv”un start heyətində meydana çıxan hücumçu komandasının ikinci qolunun ötürmə müəllifi olub və 73-cü dəqiqədə əvəzlənib.

Qarşılaşma Polşa mətbuatında da geniş müzakirə olunub. “Sport.pl” nəşri matçdan sonra jurnalist və ekspertlərin fikirlərini yayımlayıb.

“naWylotTV”nin şərhçisi Kamil Qlemboçki Emrelinin çıxışını xüsusi qeyd edib:

“Etiraf etməliyəm ki, belə başlanğıca inanmırdım. “Legiya” öz meydanında məğlub edildi. Möhtəşəm oyun idi. Bu gün komandanı yalnız tərifləmək olar. Otienoya, Kvyatkovskiyə və müdafiə xəttinə afərin. Tudor da əla oynadı, təcrübəsi açıq-aydın görünürdü. Emreli qol vurmasa da, qələbədə çox vacib rol oynadı”.

Qeyd edək ki, “Rakuv” yeni baş məşqçisi David Şvarqanın rəhbərliyi altında nəticələrini yaxşılaşdırmağa başlayıb. Komanda 14 oyundan 12 xalla Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 16-cı yerdədir.

İdman.Biz