Belçikanın “Brügge” klubunun vingeri Karlos Forbs böyük ehtimalla mövsümün sonunda komandadan ayrılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı portuqaliyalı futbolçu ilə İngiltərə Premyer Liqasının üç klubu - “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” maraqlanır. Bundan başqa, İtaliyanın “Roma” və “Fiorentina” klubları da vingeri heyətinə qatmaq istəyir.
Bildirilir ki, “Brügge” mövsümün ortasında futbolçunu itirmək niyyətində olmadığı üçün onun yanvarda ayrılması az ehtimallıdır. Forbs uğrunda əsas mübarizənin yay transfer pəncərəsində başlayacağı gözlənilir.
Portuqaliyalı vinger bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 23 milyon avro qiymətləndirir.
