Merino İspaniyanın gizli silahına çevrilib - İDMAN.BİZ-in TƏHLİLİ

11 İyul 2026 02:06
81
Merino İspaniyanın gizli silahına çevrilib - İDMAN.BİZ-in TƏHLİLİ

İspaniya millisində oyunun taleyini dəyişə biləcək futbolçular az deyil. Lamin Yamal sürəti ilə fərqlənir, Rodri oyuna nəzarət edir, Dani Olmo yaradıcılığı ilə seçilir, Mikel Oyarzabal isə daim təhlükə yaradır. Amma pley-off mərhələsində matçın son dəqiqələri yaxınlaşanda "Qırmızı furiya"nın əsas xilaskarı tamamilə başqa futbolçu olur – Mikel Merino.

İdman.Biz xəbər verir ki, İspaniya millisinin yarımmüdafiəçisi DÇ-2026-nın 1/4 finaщlında Belçika ilə oyunda komandasına qələbə qazandırıb. Merino 86-cı dəqiqədə meydana daxil olub, cəmi iki dəqiqə sonra isə rəqib qapısı önündə yaranmış qarışıqlıqdan maksimum yararlanaraq hesabı 2:1 edib və komandasını yarımfinala çıxarıb.

Bu isə artıq təsadüf sayıla bilməz.

Portuqaliyaya qarşı da eyni ssenari

Cəmi dörd gün əvvəl Merino 1/8 finalda Portuqaliya ilə oyunda da eyni rolu oynamışdı.

O, Dani Olmonu əvəzlədikdən cəmi altı dəqiqə sonra – 91-ci dəqiqədə matçın yeganə qolunu vurmuşdu. Maraqlıdır ki, həlledici hücumu da məhz özü cərimə zərbəsini cəld yerinə yetirməklə başlamış, daha sonra Ferran Torresin ötürməsini qola çevirmişdi.

İspaniya 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.

Baş məşqçi Luis de la Fuente həmin oyundan sonra Merinonu "həmişə lazım olan yerdə olan futbolçu" adlandırmışdı.

Hər şey Almaniyada başlamışdı

Merinonun pley-off qəhrəmanlığı isə ilk dəfə AVRO-2024-də bütün dünyanın diqqətini çəkmişdi.

1/4 finalda Almaniya ilə qarşılaşmada əsas vaxt 1:1 hesabı ilə başa çatmışdı. Penaltilər artıq qaçılmaz görünürdü.

Lakin əlavə vaxtın 119-cu dəqiqəsində Dani Olmonun ötürməsini başla dəqiq tamamlayan Merino İspaniyaya 2:1 hesablı qələbə qazandırdı. Bu qol həm komandasını yarımfinala çıxardı, həm də sonradan Avropa çempionluğuna gedən yolun ən vacib anlarından biri oldu.

Qoldan sonra Merinonun künc bayrağı ətrafında etdiyi sevinc nümayişi də təsadüfi deyildi. O, 1991-ci ildə məhz həmin Ştutqart stadionunda qol vurmuş atası Migel Merinonun sevincini təkrarlamışdı.

Əsl "super-sub"

Beləliklə, Merino son iki böyük turnirdə pley-off mərhələsində qeyri-adi seriya formalaşdırıb:

AVRO-2024, 1/4 final
Almaniya – İspaniya 1:2
Oyuna sonradan daxil oldu və 119-cu dəqiqədə qələbə qolunu vurdu.

DÇ-2026, 1/8 final
Portuqaliya – İspaniya 0:1
Meydana çıxdıqdan altı dəqiqə sonra qalibiyyət qoluna imza atdı.

DÇ-2026, 1/4 final
İspaniya – Belçika 2:1
86-cı dəqiqədə meydana daxil oldu, 88-ci dəqiqədə isə ikinci toxunuşunda qələbə qolunu vurdu.

Beləliklə, Merino ardıcıl üç pley-off oyununda meydana ehtiyat oyunçular skamyasından daxil olaraq İspaniyanı növbəti mərhələyə daşıyan həlledici qolların müəllifi olub.

Bu gün Merino sadəcə güclü yarımmüdafiəçi deyil. O, İspaniya millisinin ən etibarlı "super-sub"una çevrilib. Rəqiblər start heyətini dayandırmağı bacarsalar belə, matçın sonlarında ehtiyat oyunçular skamyasından meydana daxil olan Merino yenə də oyunun taleyini dəyişə biləcəyini artıq dəfələrlə sübut edib.

İdman.Biz