Parisdə Fransa - Mərakeş həyəcanı: Dronlar işə salınır

9 İyul 2026 14:51
58
Parisdə Fransa - Mərakeş həyəcanı: Dronlar işə salınır

Futbol üzrə DÇ-2026-nın dörddəbir finalında keçiriləcək Fransa - Mərakeş oyunu öncəsi Parisdə xüsusi təhlükəsizlik tədbirləri görüləcək.

İdman.Biz xəbər verir ki, şəhər polisi mümkün iğtişaşların qarşısını almaq üçün əlavə qüvvələr cəlb edəcək.

Məlumata görə, azarkeşlərin toplaşa biləcəyi ərazilər dronlar vasitəsilə izləniləcək. Məqsəd kütləvi toplaşmaları, qarşıdurmaları və ictimai asayişi poza biləcək halları vaxtında müəyyənləşdirməkdir.

Bundan başqa, paytaxtda pirotexniki vasitələrdən istifadə qadağan olunacaq. Yelisey ətrafında bir neçə metro stansiyası da müvəqqəti bağlanacaq.

Paris polisi xüsusilə oyundan sonra yarana biləcək izdihama hazırlaşır. Fransa və Mərakeş azarkeşlərinin böyük sayda şəhər mərkəzinə axın edəcəyi gözlənilir.

Bu qərarlara DÇ-2022-də baş verən hadisələr də təsir edib. Həmin mundialda Fransa Mərakeşi yarımfinalda məğlub etdikdən sonra Parisdə və Fransanın digər şəhərlərində qarşıdurmalar yaşanmışdı.

O vaxt ölkə üzrə 266 nəfər saxlanılmışdı. Onlardan 167-si Parisdə polis tərəfindən saxlanılan şəxslər olub.

Qeyd edək ki, Fransa - Mərakeş matçı bu gün keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz