Ronaldo getdi, biletlər ucuzlaşdı: DÇ-də 60 faizlik eniş

9 İyul 2026 12:47
75
Ronaldo getdi, biletlər ucuzlaşdı: DÇ-də 60 faizlik eniş

Futbol üzrə DÇ-2026-nın dörddəbir final oyunlarına biletlərin qiymətində ciddi ucuzlaşma qeydə alınıb.

İdman.Biz xəbər verir ki, buna Portuqaliya və ABŞ-nin mundialda mübarizəni dayandırması təsir edib.

Məlumata görə, Kriştiano Ronaldonun komandası turnirdən kənar qaldıqdan sonra bəzi oyunlara maraq azalıb. Xüsusilə “İspaniya” - “Belçika” matçına biletlərin qiymətində böyük eniş yaşanıb.

Bu qarşılaşma üçün ən ucuz bilet əvvəl 2950 dollar (5015 AZN) idisə, hazırda qiymət 1200 dollara (2040 AZN) düşüb.

Bu, təxminən 60 faizlik ucuzlaşma deməkdir. “SeatPick”in məlumatına görə, dörddəbir final oyunlarına orta bilet qiyməti son üç gündə 50,4 faiz azalıb.

Qiymətlərin düşməsində ABŞ millisinin də turnirlə vidalaşması rol oynayıb. Belçika ABŞ-li azarkeşlərin ümidlərini bitirib və yerli tələbat kəskin azalıb.

Dörddəbir finalın ən ucuz oyunu “Fransa” - “Mərakeş” qarşılaşmasıdır. Bu matça bilet almaq üçün ən azı 989 dollar (1681 AZN) ödəmək lazımdır.

Qeyd edək ki, DÇ-2026-nın dörddəbir final mərhələsində “Fransa” - “Mərakeş”, “İspaniya” - “Belçika”, “Norveç” - “İngiltərə” və “Argentina” - “İsveçrə” oyunları keçiriləcək.

İdman.Biz