Mərakeş milli futbol komandasının DÇ-2026-da uğurlu çıxışında Fransada doğulan futbolçular da ön plandadır.
İdman.Biz xəbər verir ki, onlardan üçü - İssa Diop, Ayub Buaddi və Samir El-Murabet xüsusilə diqqət çəkir.
Diop Fransanın “Tuluza” şəhərində doğulub və uzun müddət Fransa yığmasının aşağı yaş qruplarında çıxış edib. O, 10 il əvvəl U-19 Avropa çempionatında Kilian Mbappe ilə birlikdə qalib olub.
Mərkəz müdafiəçisi 20 yaşında “Tuluza”nın kapitanı olub. Daha sonra karyerasını İngiltərə Premyer Liqasında davam etdirib və hazırda “Fulhem” klubunda oynayır.
Diop dünya çempionatından əvvəl anasının köklərinə görə Mərakeş milli komandasını seçib. O, DÇ-2026-nın 1/16 finalında Niderlanda qol vuraraq komandasının vacib fiqurlarından birinə çevrilib.
Ayub Buaddi də Fransada yetişən futbolçulardandır. 18 yaşına qədər onun “Lill”də iki tam mövsümü olub.
Fransa millisinin baş məşqçisi Didye Deşam gənc yarımmüdafiəçinin istedadını yüksək qiymətləndirib. Amma onu DÇ-2026 üçün heyətə daxil etməyib.
Buaddi gözləmək istəməyib və mayda Mərakeş milli komandasını seçib. O, mundialda Braziliya ilə oyunda debüt edib.
Gənc futbolçunun çıxışı Avropa nəhənglərinin diqqətindən yayınmayıb. Onunla “Real”, “Mançester Siti” və “Arsenal”ın maraqlandığı bildirilir. “Lill” isə oyunçusuna 70 milyon avro (140 milyon AZN) qiymət qoyub.
Samir El-Murabetin yolu daha çətin olub. O, 13 yaşında artıq çəkiyə görə “Strasbur” akademiyasından uzaqlaşdırılıb.
Bundan sonra El-Murabet mini-futbola keçib və Fransanın U-19 futzal yığmasına qədər yüksəlib. “Strasbur” sonradan səhvini anlayaraq yetirməsini geri qaytarıb.
Hazırda El-Murabet “Strasbur”un əsas heyətinin vacib oyunçularından biridir. DÇ-2026-da isə hər matçda meydana sonradan daxil olaraq Mərakeşin orta xəttinə dinamika qatır.
Qeyd edək ki, Mərakeş bu axşam Bakı vaxtı ilə saat 23:59-da DÇ-2026-da Fransaya qarşı dörddəbir final matçına çıxacaq.
