UEFA FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqanla bağlı qəbul etdiyi qərara rəsmi bəyanatla etiraz edib.
İdman.Biz xəbər verir ki, Avropa futbol qurumu Baloqunun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı oynaya bilməsinə imkan yaradan qərarı kəskin tənqid edib.
"Builki qərar yol verilə biləcək bütün sərhədləri aşıb. Futbol, digər idman növləri kimi, dürüst, şəffaf və ədalətli rəqabətin əsasını təşkil edən qaydalar üzərində qurulub.
Bəzən qaydalar müxtəlif cür şərh oluna bilər. Lakin bu halda belə deyil. Qırmızı vərəqədən sonra minimum bir oyunluq avtomatik diskvalifikasiya səlahiyyətli orqanın əlavə qərarını tələb etmir. Bu, turnirin əsasnaməsində təsbit olunmuş prinsipdir və xüsusilə də yarışın gedişində istisna tətbiq edilə bilməz. Üstəlik, eyni vəziyyətlə üzləşən digər futbolçular cəzalarını müəyyən olunmuş qaydada çəkiblər.
Futbol dünyanın ən populyar idman növüdür. Çünki bu gözəl oyun dünyanın hər yerində eyni qaydalarla oynanılır. Bu qədər görünməmiş, anlaşıılmaz və əsassız qərar bizi təəccübləndirir", – deyə UEFA-nın bəyanatında bildirilib.
Xatırladaq ki, Baloqan dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina milli futbol komandası ilə oyunda (2:0) qırmızı vərəqə almışdı. Daha sonra FIFA onun məcburi bir oyunluq diskvalifikasiyasını ləğv edərək, cəzanı bir il sınaq müddəti ilə şərti cəzə ilə əvəz edib. Bunun sayəsində ABŞ millisinin hücumçusu Belçikaya qarşı 1/8 final görüşündə meydana çıxa biləcək.
