Futbol üzrə dünya çempionatında iştirak edən Tunis komandasının səkkiz oyunçusunun dopinq testlərində qadağan olunmuş maddənin izləri aşkar edilib.
İdman.Biz bu barədə “Daily Mail” qəzetinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, sözügedən maddə tənəffüs yollarını genişləndirən və Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısında olan klenbuterol preparatıdır. O, Tunis komandasının Meksikadakı təlim-məşq düşərgəsində olduğu müddətdə çirklənmiş ət yedikdən sonra orqanizmə daxil ola bilər. Oyunçuların klubları artıq vəziyyətlə bağlı məlumatlandırılıb.
Tunis milli komandası qrup mərhələsindən sonra 2026-cı il dünya çempionatından kənarlaşdırılıb. Turnirin ilk oyunundan sonra ölkənin futbol federasiyası milli komandanın baş məşqçisi Sabri Lamuşini vəzifəsindən kənarlaşdırıb.
