İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/8 final oyunu öncəsi azarkeşlərə qeyri-adi müraciət edib.
İdman.Biz xəbər verir ki, İngiltərə yığması 1/8 finalda Meksika ilə qarşılaşacaq. Matç İngiltərə vaxtı ilə gecə saat 01:00-da, Bakı vaxtı ilə isə 04:00-da başlayacaq.
Görüşün məktəb günündən əvvəl keçirilməsi ölkədə müzakirələrə səbəb olub. Tuxel isə valideynləri uşaqların bu oyunu izləməsinə şərait yaratmağa çağırıb.
Almaniyalı mütəxəssis bildirib ki, valideynlər məktəb üçün üzrxahlıq yazıb uşaqları bir gün dərsə göndərməyə bilərlər. Onun sözlərinə görə, dünya çempionatı dörd ildən bir keçirilir və İngiltərə millisinə hər kəsin, xüsusilə uşaqların dəstəyi lazımdır.
Qeyd edək ki, İngiltərə millisi əvvəlki mərhələdə Konqo DR-ni 2:1 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Harri Keyn vurub.
