Əlcəzair futbol millisinin kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurduğunu elan edib.
İdman.Biz xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə DÇ-2026-dan sonra qərar verdiyini bildirib. Mahrez açıqlamasında artıq estafeti başqalarına ötürməyin vaxtı çatdığını qeyd edib.
Təcrübəli yarımmüdafiəçi DÇ-2026-nın onun üçün son dünya çempionatı olduğunu vurğulayıb. O, mundialda qol vurmasından məmnun qaldığını, amma əsas uğurun Əlcəzair millisinin pley-off mərhələsinə yüksəlməsi olduğunu söyləyib.
Mahrez Əlcəzair millisinin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. O, uzun illər yığmanın liderlərindən biri sayılıb.
Qeyd edək ki, Mahrez son oyununu 1/16 finalda İsveçrəyə qarşı keçirib və komandası 2:0 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb. İsveçrə mübarizəni davam etdirir və 1/8 finalda Kolumbiya - Qana cütünün qalibi ilə qarşılaşacaq.
