Futbol üzrə DÇ-2026-da Mərakeş millisinin Niderlandı penaltilər seriyasında məğlub etməsindən sonra Niderland şəhərlərində gərgin anlar yaşanıb.
İdman.Biz “NL Times”a istinadən xəbər verir ki, mərakeşli azarkeşlər qələbəni qeyd etmək üçün küçələrə çıxıblar. Niderland mətbuatının məlumatına görə, Haaqa şəhərinin Sxildersveyk rayonunda yüzlərlə azarkeş Mərakeş bayraqları ilə şənlik edib, avtomobillər siqnal verərək küçələrdən keçib, fişənglər atılıb.
Bir müddət sonra vəziyyət gərginləşib. Bildirilir ki, polis əməkdaşlarına tərəf fişəng atıldıqdan sonra çevik polis dəstələri əraziyə müdaxilə edib. Azarkeşlərin dağıdılması üçün su şırnağından istifadə olunub, saxlanılanlar var.
Amsterdam, Utrext və Amersfortda da Mərakeş azarkeşlərinin qələbə sevincini küçələrdə qeyd etdiyi bildirilir. Bəzi ərazilərdə polis təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, Mərakeş 1/16 finalda Niderlandı penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Mərakeş 1/8 finalda Kanada ilə üz-üzə gələcək.
