Fransa futbol millisi 2026-cı il dünya çempionatının pley-off mərhələsi ərəfəsində turnirin əsas favoriti hesab olunur.
İdman.Biz xəbər verir ki, “Opta” statistik platformasının superkompüteri mundial iştirakçılarının çempionluq şanslarını dəyərləndirib.
Didye Deşamın rəhbərlik etdiyi komandanın turnirin qalibi olmaq ehtimalı 18,7% təşkil edir. Fransa qrup mərhələsində Seneqala 3:1, İraqa 3:0, Norveçə isə 4:1 hesabı ilə qalib gəlib. Komanda I qrupunu birinci pillədə başa vuraraq pley-offa yüksəlib.
Fransa millisi 1/16 finalda İsveçlə qarşılaşacaq. Görüş 30 iyunda Nyu-Cersidə keçiriləcək.
Hazırkı dünya çempionu Argentina reytinqdə ikinci sıradadır. Cənubi Amerika təmsilçisinin çempionluq şansı 16,3% qiymətləndirilir. İlk üçlüyü 13,5%-lə İspaniya tamamlayır.
İlk onluqda İngiltərə 9,7%, Braziliya 6,5%, Niderland 5,1%, Portuqaliya 4,7%, Almaniya 4,4%, Kolumbiya 3,2% və Norveç 3% göstərici ilə yer alıb.
