İngiltərə futbol millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-da sərgilədiyi oyunla “Real Madrid” üçün ciddi siqnal verib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu Panama ilə qrup oyununda İngiltərənin 2:0 hesablı qələbəsində əsas fiqurlardan biri olub. Bellinqem əvvəlcə hesabı açıb, daha sonra Harri Keynin qolunda məhsuldar ötürmə müəllifi olub.
“FotMob”un məlumatına görə, o, qarşılaşmada ən çox qol imkanı yaradan futbolçu olub - 4 dəfə. Bellinqem həmçinin meydanda ən çox uğurlu driblinq edən oyunçu kimi seçilib - 3 dəfə.
Matçdan sonra yarımmüdafiəçi “Real Madrid”də və İngiltərə millisində fərqli mövqelərdə çıxış etdiyini bildirib:
“Bilmirəm, bu mövsümün ən yaxşı Bellinqemidir, ya yox. Ümid edirəm ki, turnirin qalan hissəsində daha yaxşı Bellinqemi görəcəksiniz. Bu, özünəinam məsələsi deyil. “Real Madrid”də bir qədər fərqli, daha geridə oynayırdım. İngiltərədə isə “10 nömrə” və ya bir az daha irəlidə oynayan “8 nömrə” kimi çıxış edirəm”.
Bellinqem mövqeyindən asılı olmayaraq komandaya fayda vermək istədiyini vurğulayıb:
“Meydanda harada oynamağımın fərqi yoxdur. Mən həmişə komandam üçün yaxşı oynamaq istəyirəm”.
Qeyd olunur ki, ötən mövsüm “Real Madrid”də Bellinqemin rolu sabit olmayıb. O, bəzən hücumameyilli yarımmüdafiəçi, bəzən mərkəz yarımmüdafiəçisi, bəzən isə sol cinahda oynayıb. Bu da onun məhsuldarlığına təsir edib. İngiltərə millisində isə daha irəlidə çıxış etməsi futbolçunun hücum potensialını yenidən üzə çıxarıb.
