Bu gün futbol üzrə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulacaq. Son oyun günündə J, K və L qruplarında altı qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, Argentina artıq qrupda birinci yeri təmin edib, Kolumbiya pley-offa vəsiqəni rəsmiləşdirib, İngiltərə də minimum 1/16 finala yüksəlməyi bacarıb. Bununla belə, bir sıra qruplarda ikinci yer və ən yaxşı üçüncü komandalar sırasına düşmək uğrunda mübarizə davam edir.
J qrupu
Argentina – 6
Avstriya – 3
Əlcəzair – 3
İordaniya – 0
Argentina – İordaniya (28 iyun, 06:00, burada və aşağıda vaxt Bakı vaxtı ilə göstərilib)
Argentina üçün bu qarşılaşmanın turnir baxımından əhəmiyyəti yoxdur. Dünya çempionları əvvəlcə Əlcəzairi 3:0, sonra Avstriyanı 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl qrup liderliyini təmin ediblər. İlk iki turun əsas qəhrəmanı Lionel Messi olub. O, ilk oyunda het-trik edib, Avstriya ilə görüşdə isə dubl müəllifi olaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxıb.
İordaniya ilə matç öncəsi Lionel Skaloni artıq Messinin start heyətində yer almayacağını açıqlayıb. Argentina ehtiyat qüvvəsini yoxlamaq və pley-off ərəfəsində lider futbolçularına istirahət vermək imkanı qazanacaq. Bundan başqa, Avstriya ilə oyunda dizindən zədələnən müdafiəçi Kristian Romero da böyük ehtimalla bu matçı buraxacaq.
Dünya çempionatında debüt edən İordaniya Avstriyaya (1:3) və Əlcəzairə (1:2) məğlub olaraq pley-off şansını itirib. Bununla belə, dünya çempionuna qarşı oyun komanda üçün mundialı layiqincə başa vurmaq və ilk xallarını qazanmaq baxımından əhəmiyyətini qoruyur.
Əlcəzair – Avstriya (28 iyun, 06:00)
J qrupunun əsas qarşılaşmasıdır. Hər iki komanda son tura 3 xalla çıxır və məhz bu görüş ikinci yerin sahibini müəyyən edəcək. Avstriya turnirə İordaniya üzərində 3:1 hesablı qələbə ilə başlayıb, daha sonra Argentinaya 0:2 hesabı ilə uduzub. Əlcəzair isə əvvəlcə Argentinaya 0:3 hesabı ilə məğlub olub, ardınca İordaniyanı 2:1 hesabı ilə yenərək mübarizəyə qayıdıb.
Bu cütün qalibi qrup ikincisi kimi birbaşa 1/16 finala yüksələcək. Heç-heçə olacağı halda hər iki komanda 4 xal toplayacaq və taleləri əlavə göstəricilərdən, eləcə də üçüncü yerlərin cədvəlindən asılı olacaq. Elə buna görə də qarşılaşma ətrafında tarixi paralellər aparılır.
1982-ci il dünya çempionatında Əlcəzair turnirin ən qalmaqallı hadisələrindən birinin qurbanı olmuşdu. Həmin vaxt Almaniya Federativ Respublikası(AFR) və Avstriya əlcəzairlilər qrupdakı oyunlarını başa vurduqdan sonra qarşılaşmışdılar. AFR-in 1:0 hesablı qələbəsi hər iki Avropa komandasını növbəti mərhələyə çıxarır, Əlcəzairi isə mübarizədən kənarda qoyurdu. Erkən qoldan sonra oyunun tempi demək olar ki, tam dayanmış və bu hadisə tarixə "Xixon biabırçılığı" kimi düşmüşdü. Məhz bundan sonra FIFA son turun eyni qrupdakı oyunlarının eyni vaxtda başlaması qaydasını tətbiq edib.
Futbol baxımından Avstriya daha balanslı komanda təsiri bağışlayır. Lakin Əlcəzair İordaniya üzərində qələbədən sonra özünəinamını bərpa edib. Hər iki komanda üçün səhvin qiyməti maksimum olacaq.
K qrupu
Kolumbiya – 6
Portuqaliya – 4
Konqo DR – 1
Özbəkistan – 0
Kolumbiya – Portuqaliya (28 iyun, 03:30)
Bu oyun K qrupunda birinci yer uğrunda mübarizə olacaq. Kolumbiya əvvəlcə Özbəkistanı 3:1, sonra Daniel Munyosun qolu sayəsində Konqo DR-ni 1:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni təmin edib. Cənubi amerikalılar heç-heçə edəcəkləri təqdirdə də qrupu lider kimi başa vuracaqlar.
Portuqaliya turnirə Konqo DR ilə 1:1 hesablı heç-heçə ilə başlayıb, lakin daha sonra Özbəkistanı 5:0 hesabı ilə darmadağın edib. Kriştianu Ronaldu dubla imza ataraq yenidən diqqət mərkəzinə düşüb, Roberto Martinesin komandası isə uğursuz başlanğıcla bağlı sualların böyük hissəsini aradan qaldırıb.
Portuqaliya üçün qələbə qrup liderliyi deməkdir. Heç-heçə isə komandanı ikinci pillədə saxlayacaq. Bu faciə olmasa da, pley-off cədvəlinə təsir göstərəcək. Kolumbiya isə temp, nizam-intizam və az fürsətdən maksimum yararlanan futbolçuları ilə turnirin ən sabit komandalarından biri kimi görünür.
Konqo DR – Özbəkistan (28 iyun, 03:30)
Hər iki komanda üçün son şans matçıdır. Konqo DR əvvəlcə Portuqaliya ilə 1:1 hesablı heç-heçə etsə də, Kolumbiyaya 0:1 hesabı ilə uduzaraq cəmi 1 xalla qalıb. Afrika təmsilçisinin ən azı ən yaxşı üçüncü yerlərdən biri kimi pley-offa yüksəlmək ümidini qoruması üçün yalnız qələbə lazımdır.
Yeri gəlmişkən, matç öncəsi Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi komandaya müraciət edərək bu oyunun təkcə idman baxımından deyil, bütün ölkə üçün mənəvi əhəmiyyət daşıdığını bildirib. 1974-cü ildən bəri ilk dəfə dünya çempionatına qayıdan yığma üçün bu, turnirdə yolunu davam etdirmək şansıdır.
Özbəkistan isə Kolumbiyaya 1:3, Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Bununla belə, Fabio Kannavaronun komandası mübarizəni vaxtından əvvəl dayandırmaq istəmir. Baş məşqçi Kolumbiya ilə oyundan sonra komandanın bu səviyyədə oynamağı öyrənməli olduğunu bildirib, Konqo DR ilə görüş ərəfəsində isə futbolçular üzərindəki təzyiqi azaltmağa çalışır. Özbəkistanın da yalnız qələbə şansı var. Lakin bu da digər qruplardakı nəticələrdən asılı olacaq.
L qrupu
İngiltərə – 4
Qana – 4
Xorvatiya – 3
Panama – 0
İngiltərə – Panama (28 iyun, 01:00)
İngiltərə artıq pley-offa yüksəlməyi təmin edib. Lakin qrup lideri məsələsi hələ açıq qalır. Tomas Tuxelin komandası turnirə Xorvatiya üzərində 4:2 hesablı qələbə ilə başlayıb, daha sonra Qana ilə qolsuz heç-heçə edib. Panama üzərində qələbə böyük ehtimalla ingilislərə birinci yeri qazandıracaq.
Komanda ətrafındakı son xəbərlər Ris Ceymsin zədəsi ilə bağlıdır. Müdafiəçi budun arxa əzələsindən zədə alıb və təkcə Panama ilə deyil, pley-offun ilk oyununu da buraxacaq. Bununla belə, Tuxelin rotasiya üçün kifayət qədər variantı var və artıq turnirlə vidalaşmış Panama qarşısında İngiltərə aşkar favoritdir.
Panama Qanaya (0:1) və Xorvatiyaya (0:1) uduzub, qol da vura bilməyib və pley-off şansını itirib.
Xorvatiya – Qana (28 iyun, 01:00)
Bu, L qrupunun mərkəzi qarşılaşmasıdır. Qana Panama üzərində qələbə (1:0) və İngiltərə ilə heç-heçə (0:0) sayəsində 4 xal toplayıb. Xorvatiya isə İngiltərəyə 2:4 hesabı ilə uduzub, Panama üzərində 1:0 hesablı qələbə qazanaraq 3 xalla üçüncü pillədə qərarlaşıb. Qanalılar üçün heç-heçə də kifayət edə bilər. Lakin qələbə onları heç bir hesablamaya ehtiyac qalmadan pley-offa çıxaracaq. Xorvatiya isə üçüncü yerlərin nəticəsindən asılı olmamaq üçün qalib gəlməlidir.
Zlatko Daliçin komandası əvvəlki dünya çempionatlarındakı qədər inamlı təsir bağışlamır. Xorvatlar İngiltərə ilə oyunda çox səhv etdilər, Panama üzərində isə çətin qələbə qazandılar. İvan Perişiç matç öncəsi bildirib ki, Xorvatiyanın Afrika komandalarına qarşı yaxşı təcrübəsi var. Bununla belə, o etiraf edib ki, Qana ilə oyunda komanda daha yüksək səviyyədə çıxış etməlidir.
Karloş Keyroşun rəhbərlik etdiyi Qana millisi isə intizamlı və ehtiyatlı futbol nümayiş etdirir. Komanda turnirdə hələ qol buraxmayıb və güclü rəqibləri də zərərsizləşdirə bildiyini göstərib. Xorvatiya hücum etmək zərurəti ilə Antuan Semenyo və Qananın cinah oyunçularının sürətli əks-hücum təhlükəsi arasında düzgün tarazlıq tapmalı olacaq.
