Ançelotti açıqladı: Neymar Şotlandiya ilə oyunda meydana çıxacaq

24 İyun 2026 10:19
79
Ançelotti açıqladı: Neymar Şotlandiya ilə oyunda meydana çıxacaq

Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın Şotlandiya ilə keçiriləcək oyunun iştirak ərizəsində yer alacağını açıqlayıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis zədədən sonra bərpa prosesini başa vuran hücumçunun oynamağa hazır olduğunu bildirib.

"Neymar formadadır. Həftə ərzində yaxşı məşq edib, oyuna yaxşı hazırlaşıb ki, digər futbolçularla birlikdə meydana çıxa bilsin. Onun qayıtmasına çox sevinirik. Keyfiyyətləri sayəsində komandaya kömək edə bilər. O, oynaya bilər. Mən də 90 dəqiqə oynaya bilərəm, sadəcə yeriyərək. Neymarın heç bir problemi yoxdur. Çox yaxşı məşq edib və mən ondan çox razıyam.

Son vaxtlar Neymar işinə çox ciddi yanaşır. Komanda yoldaşlarını yaxşı tanıyır. Bərpasını sürətləndirmək üçün ciddi çalışıb. Hətta oynamayanda belə, təcrübəsi və oyun biliyi ilə komandaya, xüsusilə gənc futbolçulara kömək edir", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, 34 yaşlı Neymar zədə səbəbindən DÇ-2026-da Braziliyanın ilk iki oyununu buraxıb.

Braziliya yığması qrup mərhələsinin III turunda Şotlandiya ilə qarşılaşacaq.

İdman.Biz