Futbol üzrə 2026-cı il dünya çempionatının L qrupunda II turun vacib oyununda Xorvatiya millisi Panama üzərində minimal hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Torontoda keçirilən qarşılaşma Balkan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki komanda ilk turda məğlub olduğundan meydana yalnız qələbə məqsədilə çıxıb. İlk hissədə Panama daha fəal təsir bağışlayıb və bir neçə təhlükəli epizod yaradıb. Xüsusilə Xose Faxardonun baş zərbəsindən sonra qapıçı Dominik Livakoviç topu dirəyə yönəldərək komandasını qoldan xilas edib.
Oyunun taleyini Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin fasilədə etdiyi dəyişiklik həll edib. İkinci hissədə meydana daxil olan Ante Budimir 54-cü dəqiqədə Yosip Stanişiçin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb - 1:0.
Buraxılan qoldan sonra Panama bərabərlik üçün irəli atılsa da, Xorvatiya müdafiədə etibarlı oyun nümayiş etdirərək üstünlüyünü sona qədər qoruyub. Bu qələbə xorvatların pley-off mərhələsinə yüksəlmək şanslarını artırıb. Panama isə iki turdan sonra qrupdan çıxmaq imkanını itirib.
Qeyd edək ki, Xorvatiya millisinin kapitanı Luka Modriç bu görüşdə yığmanın heyətində 200-cü oyununa çıxıb.
L qrupu (II turdan sonra)
İngiltərə – 4 xal
Qana – 4 xal
Xorvatiya – 3 xal
Panama – 0 xal
Son turda Panama İngiltərə ilə, Xorvatiya isə Qana ilə üz-üzə gələcək. Qrupdan çıxacaq komandaların taleyinə böyük ölçüdə Xorvatiya - Qana qarşılaşması aydınlıq gətirəcək.
