Kolumbiya pley-offa yüksəldi, Konqo isə şanslarını qorudu – VİDEO

24 İyun 2026 08:40
114
Kolumbiya pley-offa yüksəldi, Konqo isə şanslarını qorudu – VİDEO

Kolumbiya millisi futbol üzrə dünya çempionatı-2026-nın pley-off mərhələsinə vəsiqə qazanan növbəti komanda olub. K qrupunun II turunda Cənubi Amerika təmsilçisi Konqo Demokratik Respublikası yığmasını minimal hesabla məğlub edib – 1:0.

İdman.Biz xəbər verir ki, kolumbiyalılar ilk turda Özbəkistan üzərində 3:1 hesablı qələbədən sonra növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl rəsmiləşdirmək imkanı qazanmışdılar.

İlk oyunda Portuqaliya ilə 1:1 hesablı heç-heçə edən Konqo Demokratik Respublikası isə növbəti sensasiyaya imza ataraq pley-off uğrunda mübarizədə mövqeyini gücləndirməyə çalışırdı.

Görüşün ilk dəqiqələrindən etibarən favorit sayılan Kolumbiya üstün oyun nümayiş etdirib və topa daha çox nəzarət edib. Komanda rəqib qapısı qarşısında ardıcıl təhlükəli vəziyyətlər yaratsa da, Luis Diasın vurduğu iki qol VAR müdaxiləsindən sonra qeydə alınmayıb.

Konqo Demokratik Respublikası uzun müddət hesabı qorumağı bacarıb. Afrika təmsilçisi əks-hücumlarla cavab verməyə çalışsa da, Kolumbiyanın müdafiə xətti və qapıçısı Kamilo Varqas etibarlı oyun sərgiləyib.

Matçın taleyi 76-cı dəqiqədə həll olunub. Kolumbiyanın növbəti hücumu zamanı Daniel Munyos topu qapıdan keçirərək komandasına qələbə qazandırıb – 1:0.

Qalan dəqiqələrdə Konqo Demokratik Respublikası hesabı bərabərləşdirmək üçün irəli atılsa da, buna nail ola bilməyib.

Bu qələbədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq dünya çempionatının pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. Konqo Demokratik Respublikası isə növbəti mərhələyə yüksəlmək şansını qoruyub saxlayıb, lakin artıq son turun nəticələrindən asılı vəziyyətə düşüb.

K qrupunda vəziyyət (2 turdan sonra):

Kolumbiya – 6 xal
Portuqaliya – 4 xal
Konqo Demokratik Respublikası – 1 xal
Özbəkistan – 0 xal

Son turda Kolumbiya qrup liderliyi uğrunda Portuqaliya ilə qarşılaşacaq. Konqo Demokratik Respublikası isə Özbəkistanla üz-üzə gələcək. Afrika təmsilçisi üçün bu oyunda qələbə pley-off ümidlərini qorumaq baxımından böyük əhəmiyyət daşıyır.

İdman.Biz
Məqalədə: