Azərbaycan çempionatından dünya çempionatına yollanan yeganə futbolçu olan panamalı Rodrik Miller Panama - Xorvatiya matçından sonra çıxış etdiyi “Turan Tovuz” klubunun azarkeşlərinə videomüraciət ünvanlayıb.
İdman.Biz Haqqın.az-a istinadən xəbər verir ki, hazırda Kanadanın Toronto şəhərində olan müdafiəçi azarkeşlərə müraciətində deyib:
“Salam, “Turan Tovuz” azarkeşləri. Mən Rodrik Millerəm. Panama millisinin heyətində dünya çempionatında iştirak etdiyim üçün çox xoşbəxtəm. Burada olmaq, tarix yazmaq və ölkəmi təmsil etmək mənim üçün böyük şərəfdir. Bu möhtəşəm turnirdə “Turan Tovuz”u bütün dünyaya tanıtmaq da mənim üçün qürurvericidir. Hamınıza böyük salamlarımı çatdırıram”.
Əlavə edək ki, təəssüf ki, Xorvatiyaya 0:1 hesabı ilə məğlub olan Panama millisi pley-offa yüksəlmək şansını itirib. Panama yığması daha əvvəl eyni hesabla Qanaya da uduzub. Rodrik Miller hər iki görüşdə ehtiyat oyunçular skamyasında qalıb.
Qrup mərhələsinin son turunda İngiltərə ilə keçiriləcək qarşılaşma Panama üçün turnir baxımından əhəmiyyət daşımayacaq. Ola bilsin ki, baş məşqçi Tomas Kristiansen məhz həmin oyunda Azərbaycan klubunun müdafiəçisinə şans versin.
