Messidən rekordlar gecəsi: Het-trik, altıncı mundial və göz yaşları - FOTO

17 İyun 2026 09:23
116
Messidən rekordlar gecəsi: Het-trik, altıncı mundial və göz yaşları - FOTO

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın J qrupunda Əlcəzairə qarşı keçirilən oyunun əsas qəhrəmanı olub.

İdman.Biz xəbər verir ki, Kanzas-Sitidəki “Errouhed” stadionunda təşkil olunan qarşılaşma son dünya çempionunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Argentina millisinin hər üç qolunu Messi vurub.

38 yaşlı hücumçu 17, 60 və 76-cı dəqiqələrdə fərqlənərək dünya çempionatları tarixində ilk het-trikini rəsmiləşdirib. O, eyni zamanda altı müxtəlif mundialda meydana çıxan ilk futbolçu olub. Əlcəzairlə görüş Messi üçün Argentina millisində 200-cü oyun kimi də tarixə düşüb.

Messi dünya çempionatlarında keçirdiyi 27 matçda qollarının sayını 16-ya çatdırıb. Onun aktivində, həmçinin səkkiz məhsuldar ötürmə var. Argentinalı futbolçu bu göstərici ilə mundiallar tarixinin rekordçusu Miroslav Klozeyə çatıb.

Messi növbəti turda Avstriyanın qapısına yol tapacağı təqdirdə 17 qolla dünya çempionatları tarixinin vahid bombardirinə çevriləcək.

Əlcəzairlə matçda vurulan qollardan ikisi cərimə meydançasının kənarından qeydə alınıb. “MisterChip” ləqəbi ilə tanınan futbol statistikinin məlumatına görə, Messi mundiallarda uzaq məsafədən altıncı qolunu vuraraq braziliyalı Roberto Rivelinonun beş qolluq rekordunu geridə qoyub.

Müxtəlif statistik hesablamalara əsasən, argentinalı ulduz karyerasında keçirdiyi 1157 oyunda qol sayını 914-ə çatdırıb. Onun hesabında 414 məhsuldar ötürmə də var. “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə klub və milli komanda səviyyəsində 1323 matçda 973 dəfə fərqlənib.

Messi qarşılaşmadan sonra ilk qolunun ardınca göz yaşlarını saxlaya bilməməsinin səbəbini də açıqlayıb:

“Bəli, ilk qoldan sonra ağladım. Bunun futbolla heç bir əlaqəsi yox idi. Son günlər çətinliklər yaşadım”.

Argentina millisinin kapitanı komanda yoldaşlarının və nümayəndə heyətinin həmin çətin günlərdə ona daim dəstək verdiyini, çox güc qazandırdığını bildirib.

Argentina millisi J qrupunun ikinci turunda 22 iyunda Avstriya ilə qarşılaşacaq.

İdman.Biz