2026-cı il futbol üzrə dünya çempionatında beşinci oyun günü başlayır.
İdman.Biz xəbər verir ki, turnirdə ilk sensasiyalar və böyükhesablı qələbələrdən sonra növbəti komandalar mübarizəyə qoşulurlar. Onlardan bəziləri mundiala favorit statusunda başlayır, digərləri isə öz tarixlərini yenidən yazmaq arzusundadır.
İspaniya – Kabo-Verde
15 iyun, 20:00 (Bakı vaxtı)
H qrupunda yer alan İspaniya Kabo-Verdeni sınağa çəkəcək. Qrupda digər oyun Səudiyyə Ərəbistanı ilə Uruqvay arasında keçiriləcək. Buna görə də Luis de la Fuentenin komandası ilk turdan liderlik iddiasını ortaya qoymağa çalışacaq.
İspaniya dünya çempionatına Avropa çempionu və turnirin əsas favoritlərindən biri kimi qatılıb. Bununla belə, ispanlar son üç dünya çempionatında 1/8 final mərhələsindən irəli gedə bilməyib.
Kabo-Verde isə tarixində ilk dəfə dünya çempionatında çıxış edir. Bubiştanın komandası üçün final mərhələsinə vəsiqə qazanmaq artıq böyük uğurdur. Lakin ada təmsilçisi yalnız təcrübə toplamaq üçün gəlmədiyini göstərmək niyyətindədir.
İspanların düşərgəsindən gələn əsas xəbər Lamin Yamalla bağlıdır. Gənc vinger oynamağa hazır olsa da, start heyətində yer almayacaq. Həmçinin Niko Vilyams və Viktor Munoz da tam hazır vəziyyətdə deyillər.
Matçın aşkar favoriti İspaniyadır. Bununla belə, debütantın yüksək motivasiyası və ilk oyun amili avropalıların işini çətinləşdirə bilər.
Belçika – Misir
15 iyun, 23:00 (Bakı vaxtı)
G qrupunda ilk turun diqqətçəkən qarşılaşmalarından birində Belçika və Misir milliləri üz-üzə gələcək. Bu qrupda İran və Yeni Zelandiya yığmaları da mübarizə aparır.
Belçika DÇ-2022-də uğursuz çıxışdan və AVRO-2024-ün 1/8 finalında mübarizəni dayandırdıqdan sonra mundiala yeni ambisiyalarla gəlir. Komandanın heyətində hələ də Kevin De Brüyne, Tibo Kurtua kimi dünya səviyyəli ulduzlar var.
Misir isə böyük ümidlərlə qayıdıb. Afrika təmsilçisi seçmə mərhələdə məğlubiyyət görmədən qrupunu qazanıb və tarixində ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlməyi hədəfləyir. Komandanın əsas gücü Məhəmməd Salah və Omar Marmouş tandemidir.
Maraqlıdır ki, komandalar arasındakı əvvəlki görüşlərin statistikası Misirin xeyrinədir. Afrikalılar dörd oyunun üçündə qalib gəliblər, o cümlədən sonuncu qarşılaşmada – 2022-ci ildə.
Favorit Belçika hesab olunur. Lakin Misir sürətli hücum xətti və yüksək motivasiyası ilə çox təhlükəli rəqibdir.
Səudiyyə Ərəbistanı – Uruqvay
16 iyun, 02:00 (Bakı vaxtı)
H qrupunda günün ikinci oyununda Səudiyyə Ərəbistanı və Uruqvay milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Səudiyyə Ərəbistanı mundial ərəfəsində baş məşqçi dəyişikliyi edib. Georgios Donis komandanı qısa müddətdə hazırlasa da, kollektiv təcrübəsi və intizamı ilə seçilir. Əsas ümidlərdən biri isə Salem Əl-Dəvsaridir.
Uruqvay isə Marselo Bielsanın rəhbərliyi altında daha gənc və dinamik komandaya çevrilib. Heyətin əsas simaları Federiko Valverde, Darvin Nunyez və Ronald Arauxodur. Lakin Arauxonun əzələ problemi səbəbindən oyunda iştirakı sual altındadır.
Xatırladaq ki, DÇ-2018-də Uruqvay Səudiyyə Ərəbistanını 1:0 hesabı ilə məğlub etmişdi.
Oyunun favorit Uruqvay hesab edilir. Amma səudiyyəlilər artıq DÇ-2022-də Argentinanı məğlub etməklə sürpriz etməyi bacardıqlarını sübut ediblər.
İran – Yeni Zelandiya
16 iyun, 05:00 (Bakı vaxtı)
Günün ən çox diqqət çəkən qarşılaşmalarından biri İran və Yeni Zelandiya milliləri arasında baş tutacaq.
İran millisi ardıcıl dördüncü, ümumilikdə isə yeddinci dəfə dünya çempionatının final mərhələsində çıxış edir. Komanda indiyədək mundiallarda heç vaxt pley-offa yüksələ bilməyib. Əmir Qalenoyinin rəhbərlik etdiyi kollektiv əsas ümidlərini Mehdi Taremi, Əlirza Cahanbəxş və digər təcrübəli futbolçulara bağlayıb.
Yeni Zelandiya isə 2010-cu ildən sonra ilk dəfə dünya çempionatında iştirak edir. Həmin mundialda komanda Slovakiya, İtaliya və Paraqvayla heç-heçə edərək qrup mərhələsini məğlubiyyətsiz başa vursa da, növbəti mərhələyə adlaya bilməmişdi. Turnirin genişləndirilmiş formatı bu dəfə yeni zelandiyalıların ümidlərini artırır. Komandanın əsas fiquru kapitan və yığmanın tarixində ən məhsuldar futbolçu olan Kris Vuddur.
İran və Yeni Zelandiya dünya çempionatları tarixində ilk dəfə üz-üzə gələcəklər. Təcrübə və heyətin keyfiyyəti baxımından İran millisi üstün görünür. Bununla belə, yeni zelandiyalılar intizamlı və praqmatik oyun üslubları ilə seçilirlər və mundiallar tarixində ilk qələbələrini qazanmağa çalışacaqlar.
