“Portuqaliya və Türkiyəyə azarkeşlik edəcəyəm” - Orxan Səfərovun İDMAN.BİZ-ə AÇIQLAMASI

11 İyun 2026 17:21
107
“Portuqaliya və Türkiyəyə azarkeşlik edəcəyəm” - Orxan Səfərovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol üzrə dünya çempionatının başlamasına sayılı saatlar qalıb. Proqnozların kifayət qədər olduğu bir vaxtda Azərbaycan idmanının tanınmış simaları da mundialı xüsusi maraqla gözləyirlər. Onlardan biri də cüdo üzrə Avropa çempionu, dünya çempionatlarının ikiqat mükafatçısı, ikiqat olimpiyaçı Orxan Səfərovdur. O, DÇ-2026 ilə bağlı fikirlərini İdman.Biz-lə bölüşüb.

Azərbaycan cüdosunun veteranı bildirib ki, əsas diqqəti Portuqaliya millisinin çıxışlarına yönələcək:

“Onların oyununa baxanda hiss olunur ki, çempion ola bilərlər. Əlbəttə, istəyərdim ki, Kriştianu Ronaldu dünya kubokunu başı üzərinə qaldırsın. Komandada xoşladığım digər futbolçular da var – Vitinya, Neveş, Nunu Mendeş. Üstəlik, mən uzun illərdir “Milan” azarkeşiyəm və bu baxımdan Leaunun oyununu izləmək maraqlı olacaq”.

Səfərov ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda daha bir komandaya azarkeşlik edəcəyini də vurğulayıb:

“Türkiyə millisinə də azarkeşlik edəcəyəm, qardaş xalq üçün həyəcanlanacağam. Türklərin maraqlı heyəti var və dünya çempionatında öz sözlərini deyə bilərlər”.

Hazırkı fəaliyyəti barədə danışan cüdoçu iş qrafikinin kifayət qədər sıx olduğunu bildirib:

“Hazırda yeniyetmələrdən ibarət milli komandanın məşqçisi kimi çalışıram. Uşaqlara düzgün texnika və taktikanı öyrədir, onlara lazımi bacarıqları aşılayırıq. Eyni zamanda akademiyamı inkişaf etdirməyə davam edirəm. Hazırda iki filialım fəaliyyət göstərir və hər ikisinə vaxt ayırmağa çalışıram. Xaricdə keçirilən təlim-məşq toplanışlarına məşqçi və ekspert qismində də qatılıram. Hazırda Latviyada beynəlxalq festivaldayam. Bundan başqa, Təhsil Departamentində birinci səviyyə məşqçilərin sertifikatlaşdırılması prosesi gedir və mən burada təlimatçı kimi iştirak edirəm. Hər şey yaxşı gedir”, – deyə Orxan Səfərov fikirlərini yekunlaşdırıb.

İdman.Biz