Argentina futbol millisinin baş məşqçisi Lionel Skaloni Buenos-Ayresdəki “Bombonera” stadionunda Zambiya üzərində qazanılan 5:0 hesablı qələbədən sonra mətbuat konfransında gözlənilməz anlarla üzləşmişdi. Jurnalist geyimində otağa daxil olan bir şəxs Skaloniyə müraciət edərək Mavritaniya və Zambiya kimi rəqiblərin dünya çempionuna layiq olmadığını bildirmiş, Fransa millisinin ehtiyat heyətinin belə daha güclü rəqiblərlə oynadığını vurğulamışdı.
İdman.Biz “The Athletic”ə istinadla xəbər verir ki, Argentinanın 2026 Dünya Çempionatı öncəsi hazırlıq qrafiki ciddi narazılıq doğurur. Qətərdə İspaniyaya qarşı keçirilməsi planlaşdırılan "Finalissima" matçı İrandakı müharibə səbəbindən ləğv edildikdən sonra Argentina Futbol Federasiyası (AFA) tələsik Mavritaniya və Zambiya ilə yoldaşlıq oyunları təşkil edib. Komandanın son rəqibləri arasında Puerto-Riko və Anqola kimi zəif yığmaların olması, həmçinin iyun ayında ABŞ-də Honduras və İslandiya ilə keçiriləcək oyunlar tənqidləri daha da artırıb.
Milli komandanın qapıçısı Emiliano Martines də çıxışlarından razı qalmadıqlarını gizlətməyib:
“Bu, xatırladığım ən pis yoldaşlıq oyunlarından biri idi. İntensivlik və sürət çatışmırdı. Milli komandanın formasını geyiniriksə, daha yaxşı olmalıyıq”.
Turnirin başlamasına cəmi iki ay qalsa da, əsas sual 38 yaşlı Lionel Messinin altıncı dünya çempionatında iştirak edib-etməyəcəyidir. Nə Skaloni, nə də Messinin özü hələ ki, qəti qərarını açıqlamayıb.
Baş məşqçi Skaloni mövzu ilə bağlı ehtiyatlı danışıb:
“Mən onun orada olması üçün hər şeyi edəcəyəm, amma qərar onun özünə məxsusdur. Bu, onun əhval-ruhiyyəsindən və fiziki vəziyyətindən asılıdır. Messi qərar vermək hüququnu özü qazanıb və biz onu tələsdirmirik”.
Messi seçmə mərhələdə 18 oyundan 12-də iştirak edərək səkkiz qolla bombardir olsa da, onun elit rəqiblərə qarşı yüksək tempdə oynamaq bacarığı barədə şübhələr var. Əzələ zədələri və sürətini itirməsi ulduz futbolçunun karyerasının sonunda mənfi təəssürat buraxmaq qorxusunu gündəmə gətirir. 2022-ci ildə Qətərdə qazanılan zəfərdən sonra Messinin bu yay ABŞ-də keçiriləcək turnirdə iştirakı futbol dünyasının ən böyük tapmacasına çevrilib.
