İranın dünya çempionatında iştirakı hələ də sual altındadır

8 Aprel 2026 11:09
161
İranın dünya çempionatında iştirakı hələ də sual altındadır

İran İslam Respublikası 2026 Dünya Çempionatında iştirak etmək üçün beynəlxalq qurumdan xüsusi təhlükəsizlik zəmanəti gözlədiyini bəyan edib.

İdman.Biz xəbər verir ki, ölkənin idman və gənclər naziri Əhməd Dünyamalı İranın ABŞ-də planlaşdırılan qarşılaşmalarının Meksikada oynanılması ilə bağlı FIFA-ya etdikləri müraciətin hələ də qüvvədə olduğunu bildirib.

Nazir hələlik rəsmi cavab almadıqlarını, lakin təklif qəbul ediləcəyi təqdirdə turnirdə iştiraka razılıq verəcəklərini vurğulayıb. O, futbolçuların hazırlıqlarını davam etdirdiyini qeyd etsə də, yarışa qatılmaqla bağlı son qərarın dövlət tərəfindən veriləcəyini diqqətə çatdırıb.

FIFA-nın mövcud qaydalarına əsasən, ev sahibi ölkənin hər bir komandanın təhlükəsizliyini təmin etməli olduğunu xatırladan Əhməd Dünyamalı, mövcud şəraitdə İranın ABŞ-dəki oyunlara qatılma ehtimalının aşağı olduğunu deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İran millisinin turnirdə iştirakının təhlükəsiz olmayacağı barədə xəbərdarlıq etmişdi.

İdman.Biz