Nigar Mirzəliyeva Almaniyada qol vurdu, amma tənqid edildi

20 Avqust 2026 22:58
106
Nigar Mirzəliyeva Almaniyada qol vurdu, amma tənqid edildi

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubunun heyətində fərqlənsə də, mətbuatın tənqid hədəfinə çevrilib.

İdman.Biz xəbər verir ki, “Hamburq” yeni mövsüm öncəsi keçirdiyi son sınaq görüşündə “Verder”ə 1:5 hesabı ilə uduzub. 120 dəqiqə davam edən qarşılaşmanı təxminən 2000 azarkeş izləyib.

Nigar Mirzəliyeva hesab 0:1 olarkən künc zərbəsindən sonra başla fərqlənərək tarazlığı bərpa edib. Lakin Almaniya mətbuatı Azərbaycan millisinin üzvünün matç ərzində rəqibin yüksək oyun tempinə uyğunlaşmaqda bir sıra hallarda çətinlik çəkdiyini qeyd edib.

“Hamburq”un baş məşqçisi Rodolfo Kardoso da komandasının çıxışından narazı qalıb. O, belə oyunla Bundesliqada uğur qazanmağın mümkün olmadığını bildirib:

“Çox pis oynadıq. Meydanda sanki yox idik. Amma bu, bütün hazırlıq dövrünün pis keçdiyi anlamına gəlmir. Bu oyun çempionatda bizi nələrin gözlədiyini göstərdi. Bundesliqada belə çıxış edə bilmərik”.

“Hamburq” hazırlıq dövründə ETV-ni 7:0, “Herta”nı 5:1, “Odense”ni 5:1, “Holştayn Kil”i 6:0 hesabı ilə məğlub edib, “Union Berlin”lə 2:2 heç-heçə edib. Komanda “Everton”a 0:1 uduzub, Bundesliqanın yeni iştirakçısı “Maynts”a isə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Hamburq” Bundesliqada yeni mövsümün ilk matçını avqustun 23-də “Frayburq”a qarşı keçirəcək.

İdman.Biz