İran qadın milli komandasının üzvü Əfsanə Çatırnur Avstraliyada keçirilən turnir zamanı komanda üzvlərinə qarşı edilən psixoloji təzyiqlər və qaçış təklifləri barədə sarsıdıcı faktlar açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu yerli polisin və bəzi şəxslərin onları İranda təhlükəsizlik problemlərinin olması ilə qorxutmağa çalışdıqlarını bildirib.
Çatırnur Avstraliyada onlara ev, maşın və daimi yaşayış icazəsi vəd edildiyini, lakin onun geri qayıtmaq qərarının qəti olduğunu vurğulayıb. Futbolçunun sözlərinə görə, onlara qarşı ən ağır təzyiq ailələri ilə bağlı yalan məlumatların verilməsi olub:
“Bizə ailələrimizin girov götürüldüyünü deyirdilər. Hətta bildirdilər ki, guya anam mesaj göndərərək mənə İrana qayıtmamağı tapşırıb. Halbuki həmin vaxt rabitə əlaqələri kəsilmişdi və biz ailəmizlə danışa bilmirdik. Bu yalanlarla bizi qorxutmağa və orada qalmağa məcbur etməyə çalışırdılar”.
Əfsanə Çatırnur qeyd edib ki, Avstraliya polisi və digər rəsmilər futbolçularla fərdi şəkildə danışmaq üçün müxtəlif bəhanələrdən istifadə ediblər:
“Bizi dopinq testi bəhanəsi ilə çağırıb İrandakı təhlükəsizlik vəziyyəti barədə suallar verirdilər. Hava limanında da hər birimizlə təkbətkə söhbət etdilər. Avstraliya polisi mənə deyirdi ki, burada qala bilərsən, hər bir şəraitin təmin olunacaq. Amma bu vədlər mənim üçün maraqlı deyildi, çünki məqsədim yalnız ölkəmə qayıtmaq idi”.
Qeyd edək ki, Çatırnur həm Avstraliya, həm də Malayziya hava limanlarında ona edilən israrlı təkliflərə baxmayaraq geri döndüyünü bildirib.
