Millinin hücumçusu: “Bu amil karyeramıza çox önəmli təsir etdi”

Xəbərlər
31 Dekabr 2023 16:51
145
Millinin hücumçusu: “Bu amil karyeramıza çox önəmli təsir etdi”

“2023-cü ildə karyera və şəxsi həyatım baxımından məni xoşbəxt edən anlar yaşandı”.

Bunu İdman.bizə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağ deyib.

24 yaşlı futbolçu Azərbaycan yığmasının Millətlər Liqasında uğuru barədə danışıb. Bozdağ əldə olunan nəticələrin komandaya marağı daha da artırdığını bildirib: “Bu il futbolçu kariyeramın ən gözəl və coşğulu ili oldu. Milli komanda ilə birlikdə Millətlər Liqasında C divizionundan B-yə yüksəldik. Bu amil karyeramıza çox önəmli təsir etdi. Artıq Azərbaycan millisinin üzvlərinə maraq daha da artıb. Bunun açıq şəkildə şahidi olduq və bu, futbolçular üçün sevindiricidir”.

Türkiyənin “Fatih Vatan Spor Klubu”nun şərəfini qoruyan Peritan 2024-cü ildə milli komanda ilə daha yüksək nəticələr qazanmaq arzusunda olduğunu qeyd edib: “2024-cü ildən gözləntim çoxdur. Karyeramda daha böyük uğurlar qazanmaq, Azərbaycan millisinin heyətində beynəlxalq miqyasda daha da yükək nəticələrə imza atmaq arzusundayam. Ümid edirəm ki, bu il Türkiyə və Azərbaycan xalqına sağlıq və şans gətirəcək”.

Qeyd edək ki, Peritan Bozdağ 2021-ci ildən Azərbaycanın qadınlardan ibarət yığmasının heyətinə cəlb olunub. O, meydana çıxdığı 3 matçda 2 qolla yadda qalıb.

Emin Ağa
İdman.biz