ABŞ qadın milli futbol komandasının üzvü Savanna DeMelo tibbi səhlənkarlıq iddiası ilə məhkəməyə müraciət edib.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən il NWSL matçının ilk hissəsində meydanda huşunu itirib və ürəyi dayanıb. O, həmin hadisədən sonra bir daha rəsmi oyunda iştirak etməyib.
DeMelo Kentukki ştatındakı Cefferson dairə məhkəməsində “University of Louisville Health” xəstəxanasına, eləcə də Sarabjit Suri və Cennifer Deyli adlı iki həkimə qarşı iddia qaldırıb. Futbolçunun tərəfi hesab edir ki, həkimlər lazımi tibbi tədbirləri vaxtında görməyiblər və bu səhlənkarlıq onun ciddi sağlamlıq problemi yaşamasında mühüm rol oynayıb.

Məhkəmə sənədlərinə əsasən, DeMelo 2024-cü ilin yanvarından 2026-cı ilin iyuluna qədər Deylinin nəzarətində olub. 2025-ci ilin martında sinə ağrısı, başgicəllənmə və nəfəs darlığından şikayət etdikdən sonra Suri tərəfindən müayinə olunub və diaqnostik testlərdən keçib. Təxminən altı ay sonra isə futbolçunun ürəyi dayanıb. Daha sonra ona mədəcik taxikardiyası diaqnozu qoyulub.
DeMelo hadisənin ildönümündə sosial şəbəkədə paylaşım edərək, həmin gün diaqnoz qoyulmamış ürək ritmi pozğunluğu səbəbindən meydanda yıxıldığını və ürəyinin dayandığını bildirib. O, son bir ilin emosional baxımdan çox ağır keçdiyini vurğulayıb.

