Viktoriya Barışeva Sankt-Peterburqdan olan sabiq fiqurlu konkisürəndir. Hazırda o, Azərbaycanda uşaqlar və yeniyetmələrlə çalışır. Barışeva eyni zamanda Azərbaycan millisinin üzvü Səbinə Əliyevanın məşqçisidir. O, 1994-cü il Olimpiya çempionu Aleksey Urmanovun yetirməsi, idman ustalığına namizəd və hakimdir.
Məşqçi İdman.Biz-ə verdiyi müsahibədə Azərbaycanda fiqurlu konkisürmənin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
- Azərbaycanda uşaqlar fiqurlu konkisürməyə nə dərəcədə maraq göstərirlər?
- Təəssüf ki, uşaqlar hələlik bizə o qədər də çox yazılmırlar. Əsas axın yeniyetmələrdir. Onları isə gələcək peşəkarlar kimi dəyərləndirmək çətindir. Ciddi idman üçün ideal başlanğıc yaşı 3-4, maksimum isə 6 yaşdır. Bu yaş kateqoriyasından olan uşaqlar passiv şəkildə gəlirlər. Bununla belə, biz həvəskar səviyyəni də inkişaf etdiririk, yarışlar keçirməyi və ümid edirəm ki, startlara yollanmağı planlaşdırırıq.
- Sizcə, balaca uşaqlar niyə fiqurlu konkisürməyə az gəlirlər?
- Valideynlər bir qədər ehtiyat edirlər: elə düşünürlər ki, bu təhlükəlidir, uşaqlar tez-tez xəstələnə bilərlər. Amma narahat olmağa dəyməz. Biz, məşqçilər, balacalarla işləməkdə böyük təcrübəyə malikik. Üstəlik, fiqurlu konkisürmə sağlamlıq üçün faydalıdır: orqanizm daimi, lakin komfortlu soyuqda möhkəmlənir.
- Digər idman növlərindən olan idmançıların cəlb edilməsi variantını nəzərdən keçirirsinizmi?
- Bəli, əgər yaş baxımından çox gec deyilsə. Rusiyada belə bir təcrübəm olub: iki qız idman gimnastikasından sonra gəlmişdi - onlar sadəcə möhtəşəm, çox yaxşı hazırlıqlı idmançılar idilər. Bədii və idman gimnastikasından sonra gələn uşaqlar tez-tez əla nəticələr göstərirlər.
- Uşağı məşqlərə qəbul edərkən fiziki göstəricilərə diqqət yetirirsinizmi?
- Uşaq çox balaca olanda hansısa göstəricilərdən danışmaq çətindir. Amma yenə də ayaq biləklərinin, oynaqların işi görünür. Daha çevik, daha tullanışlı uşaqlar olur. Boy da rol oynaya bilər: adətən, fiqurlu konkisürənlər üçün bir qədər alçaqboylu olmaq daha rahatdır. Amma hündürboy idmançılar da dünya arenasında uğurla çıxış edirlər. Ən vacib amil isə zəhmətkeşlik, idmana sevgi və uşağın, eləcə də valideynlərin marağıdır.
- Uşaqlar tullanmaları nə qədər tez öyrənirlər?
- Hər şey uşaqdan və yaşdan asılıdır: kiməsə yarım il, kiməsə bir il lazımdır. Məsələn, dörd yaşında gələn bəzi balacalar mövsümün sonuna qədər artıq iki yüngül tullanmanı yerinə yetirirdilər. Bir idman mövsümü ərzində - sentyabrdan maya qədər - bunu öyrənmək tam realdır.
- Fiqurlu konkisürənlərin əlavə olaraq gimnastika ilə məşğul olması vacibdirmi?
- Əlbəttə. Biz həmkarımla hesab edirik ki, zalda hazırlıq buz üzərindəkindən də çox olmalıdır. Buzdan kənar məşqlər zamanı güc, dözümlülük və digər əsas keyfiyyətlər inkişaf etdirilir. Ümumi və xüsusi fiziki hazırlıq, tullanmalar, fırlanmalar, mövqelər, statik hərəkətlər. Xoreoqrafiya mütləqdir – klassik, həmçinin rəqslər. Gələcəkdə çimərliklərə gedib qum üzərində məşq etməyi də planlaşdırırıq, bu, ayaqlar üçün çox faydalıdır.
- Siz valideynlərin məşqlərdə iştirakına icazə vermirsiniz. Bu nə ilə bağlıdır?
- Biz bunu uşaqların diqqətinin yayınmaması və valideynlərin məşq prosesinə həddindən artıq müdaxilə etməməsi üçün edirik. Əlbəttə, onlar prosesə cəlb olunmalıdırlar, amma məşqçilərə və uşaqlara lazımsız təzyiq başlayanda komandada sağlam olmayan rəqabət yaranır. Təəssüf ki, bununla artıq qarşılaşmışıq və buna görə də bu problemi aradan qaldırmağa çalışırıq.
- Azərbaycanda fiqurlu konkisürmənin inkişafı üçün nə çatışmır?
- Əsas problem mütəxəssislərdir. Yaxşı məşqçilər adətən artıq digər ölkələrdə çalışırlar. Fiqurlu konkisürməyə ürəkdən bağlı, bu idman növünü Azərbaycanda inkişaf etdirmək istəyən insan tapmaq lazımdır. Əvvəllər Bakıda sadəcə konkisürməyi öyrənib özünü məşqçi adlandıran, pul alan və mahiyyət etibarilə valideynləri və uşaqları aldadan çoxlu insanlar var idi. Bizim bəzi yetirmələrimizi demək olar ki, sıfırdan yenidən öyrətmək lazım gəlirdi. Lakin buz arenasının rəhbərliyinin sayəsində bu cür “mütəxəssislər” uzaqlaşdırıldı.
Maarifləndirmə və reklam da yetərli deyil. Məktəblərdə və uşaq bağçalarında açıq dərslər keçirmək, fiqurlu konkisürmə haqqında danışmaq, bunun həm gözəl, həm də təhlükəsiz idman növü olduğunu izah etmək ideal olardı. Azərbaycanda bədii gimnastika populyardır. Amma fiqurlu konkisürmə də zərif, eyni zamanda çoxşaxəli idman növüdür. Yanımıza oğlanlar da gələ bilərlər, onlar üçün çox cəsarətli proqramlar qurmaq mümkündür. Hazırda cəmi iki oğlanımız var – biri azərbaycanlı, digəri isə burada doğulmuş yaponiyalıdır. Əlbəttə, onların sayının artmasını istərdik.
- Hazırda azərbaycanlı fiqurlu konkisürənlər arasında texniki baxımdan ən yaxşı təchiz olunan kimdir?
- Vladimir Litvintsev. O, milli komandanın üzvüdür və dördqat tullanmaları yerinə yetirir.
- Siz Səbinə Əliyevanı məşq etdirirsiniz. Onun “Bosphorus Cup” turnirindəki son çıxışını (137,22 xal, altıncı yer) necə dəyərləndirirsiniz?
- Qısa proqramda o, pis çıxış etmədi, amma sərbəst proqramda hələlik fiziki dözümlülük çatışmır. Səbinənin zədəsi olmuşdu. Hazırda üçqat kaskadları aktiv şəkildə bərpa edirik ki, növbəti mövsümdə artıq beynəlxalq arenada rəqabət apara bilsin.
- Sonda, dünya fiqurlu konkisürməsindəki trendlər barədə nə düşünürsünüz və hansı idmançıları fərqləndirə bilərsiniz?
- Sevindirici haldır ki, amerikalı fiqurlu konkisürən İlya Malininin sayəsində dünya fiqurlu konkisürməsi yerində saymır: o, dördqat aksel yerinə yetirir, ultra-si elementlər isə demək olar ki, adi hala çevrilir. Bununla yanaşı, xoreoqrafiyaya, sürüşməyə, proqramların ideyasına daha çox diqqət yetirilir – xoreosekvensiyalar mürəkkəbləşir, musiqi daha maraqlı olur.
Kişilər arasında hazırda, əlbəttə ki, İlya Malinin seçilir, yaponlar isə ənənəvi olaraq güclüdürlər. Qadınlar arasında isə rusiyalı fiqurlu konkisürənlərə hələ ki, rəqib tapılmır. Amma Gürcüstanı təmsil edən Anastasiya Qubanova mənim çox xoşuma gəlir.
