Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi ilə görüşü keçirilib.
İdman.biz xəbər verir ki, görüşdə iki ölkənin ağırlıqqaldırma federasiyaları arasında dostluq və əməkdaşlıq məsələləri olub.
Kamran Nəbizadə AAF-ın fəaliyyəti, görülən işlər, əldə edilən nailiyyətlər və gələcək planlar barədə səfiri məlumatlandırıb. Söhbət zamanı federasiyalar arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, müxtəlif yaş qrupları üzrə birgə təlim-məşq toplanışlarının keçirilməsi və digər bu kimi addımların atılmasının vacibliyi vurğulanıb.
Səfir əl-Bluşi görüşün səmərəli keçdiyini, ağırlıqqaldırma idman növünün qarşılıqlı inkişaf etdirilməsinin ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi və tərəqqisinə təkan verəcəyini qeyd edib.
İdman.biz