“Milli Aviasiya Akademiyası” voleybol klubunun prezidenti: “Hədəfimiz tez bir zamanda yüksək nəticələr əldə etməkdir” - MÜSAHİBƏ

Xəbərlər
24 Oktyabr 2023 12:31
461
“Milli Aviasiya Akademiyası” voleybol klubunun prezidenti: “Hədəfimiz tez bir zamanda yüksək nəticələr əldə etməkdir” - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” klubunun prezidenti Vüqar Məmmədovun İdman.biz saytına müsahibəsi

- Bu il Azərbaycan Yüksək Liqasında debüt edəcəksiz. Komandanın yaradılması təşəbbüsü necə ortaya çıxdı?

- Azərbaycan Voleybol Federasiyasında yeni rəhbərliyin gəlişi hədəf və planlarda yüksək nəticələrin əldə edilməsi istiqamətinə yönəlib. Bu hədəflərdən biri də Yüksək Liqada oynayacaq komandaların sayının artırılması idi. Bu baxımdan Azərbaycan Voleybol Federasiyasının və Milli Aviasiya Akademiyasının təşəbbüs və təşkilatçılığı ilə “Milli Aviasiya Akademiyası” voleybol klubu yaradıldı.

- Komandanın tam formalaşdığını demək olarmı?

- Komandanın yüksək performans göstərməsində məşqçilərin səviyyəsinin böyük önəmi var. Fəaliyyətə başladıqda yerli və ya əcnəbi baş məşqçi seçimi üzərində fikirləşdik. Klub rəhbəri kimi bu postu Vüqar Əliyevə həvalə etdik. Belə mütəxəssisi kənarda qoyub, xaricdən məşqçi gətirilməsini doğru saymadıq. Klubumuzun hədəflərinə çatmaqda Vüqar Əliyevin uğurla böyük rolu olacağına inanıram. Ona Vüsal Rüstəmov və Avstraliya Voleybol Federasiyasında çalışmış Faruk Kaymak köməklik edəcəklər. Sonuncu həm də statistik kimi işləyəcək. Komandamızın aşağı yaş qrupları bölməsinin məşqçisi isə Səbinə Yarməmmədovadır. “Milli Aviasiya Akademiyası”da yerli oyunçularla yanaşı, Serbiya, ABŞ, Bosniya Herseqovina, Gürcüstan, Ukrayna və Qazaxıstandan olan voleybolçular mübarizə aparacaq. Yığmamızın voleybolçuları Şəfaqət Alışanova və Yuliya Kərimova da komandamızda yer alacaq.

- Klubun hədəfləri nə olacaq?

- Yüksək yer tutmaq və gələn mövsümdən Çelenc kubokuna qatılmaq. Bunun böyük məsuliyyət olduğunu, yeni klub üçün asan olmayacağını da bilirik. Lakin istənilən mövsümdə məqsəd budur. Əsas hədəfimiz tez bir zamanda yüksək nəticələr əldə etməkdir.

- Oyunlarınızı harada keçirəcəksiz? Bazanız və və aşağı yaş qrupları üzrə komandalarınız olacaqmı?

- Ev oyunlarını əsasən GİN-nin Voleybol Mərkəzində keçirəcəyik. Komandamızın həm texniki, həm də fiziki hazırlıqları üçün bazası Milli Aviasiya Akademiyasının idman zalında yerləşir. Aşağı yaş qruplarından ibarət komandaların yaradılması əsas hədəflərdəndir. Bu istiqamətdə Səbinə Yarməmmədova çalışacaq. Hədəfimiz uşaq, yeniyetmə və gənclərin voleybol idman növünə cəlb edilməsi, Azərbaycanda voleybolun kütləviliyinin artması istiqamətində öz töhfəmizi vermək, ölkəmizi gənclərdən ibarət komanda ilə beynəlxalq çempionatlarda layiqincə təmsil etməkdir.

- Onda gənclərə daha çox şans verəcəksiz?

- Yerli idmançıların inkişafı və yığma komandalarda təmsil olunmaqları Azərbaycan Voleybol Federasiyasının, eləcə də “Milli Aviasiya Akademiyası”nın yüksək səviyyədə önəm verdiyi məsələdir. Komandamıza xarici ölkələrdən dəvət olunmuş peşəkar oyunçuların gətirilməsində əsas məqsədlərdən biri də onlarla birgə yerli voleybolçuların peşəkarlıq səviyyəsinin artmasıdır. Gənc idmançılarımız yaş qruplarına müvafiq yüksək və birinci liqada oynayacaqlar.

- Çempionatda özünüzə əsas rəqiblər kimi görürsünüz?

- Əvvəlki illərdən fərqli, bu mövsüm rəqabətin çox yüksək olacağı gözlənilir. Bu da yeni rəhbərliyinin bütün klublara yüksək səviyyədə diqqət və qayğısının artırılması, komandaların inkişafı üçün yeni strateji planların hazırlanması, klubların sayının çoxaldılması ilə əlaqədardır. Rəqabətin yüksək olması inkişaf deməkdir. Hələlik əsas rəqiblər kimi hər hansısa klubların adını deməkdə çətinlik çəkirəm, bu, ilk oyunlardan sonra bilinəcək. Klublarımızın əksəriyyəti artıq yüksək səviyyəli legioner və yerli oyunçularla möhkəmləniblər. Bizdə də öz ölkələrinin yığmasında oynamış legionerlər var. Rəqabət çox güclü olacaq.

- Gələcəkdə kişi komandasının yaradılması nəzərdə tutulub?

- Bəli, növbəti mövsümdən fəaliyyətə başlamağı planlaşdırırıq. Aşağı yaş qruplarımızda gənc qızlarla yanaşı, gənc oğlanların da məşqləri artıq başlayıb.

- İlk ilinizin olması sizin üçün hansı çətinliklər yarada bilər?

- Peşəkar idmanın müxtəlif sahələrində çətinliklər hər zaman mövcuddur. Düzdür, yeni yaranan komandanın çətinlikləri daha çox olur. Məsələn, inzibati heyətin yığılması, legionerlərin komandaya cəlb edilməsi, onların adaptasiyası, qayğıları və s. Amma unutmamalıyıq ki, gələcək əzmlə, inamla irəli gedənləri mükafatlandırır. Klubumuzun inkişafı üçün həqiqətən bütün komanda üzvlərimiz inamla, əzmlə, böyük məsuliyyətlə çalışır. Ümid edirəm ki, yerli və beynəlxalq arenalarda “Milli Aviasiya Akademiyası” uğur əldə edib və Azərbaycan xalqına qələbə sevinci yaşadacaq.

Emin Ağa

İdman.biz