“Gəncə”nin legioneri: “Bu mövsüm inkişafım üçün şəxsi məqsədlərim var” - MÜSAHİBƏ

Xəbərlər
12 Oktyabr 2023 15:21
254
“Gəncə”nin legioneri: “Bu mövsüm inkişafım üçün şəxsi məqsədlərim var” - MÜSAHİBƏ

“Gəncə”nin voleybolçusu Yuliya Tyuşeva İdman.biz saytına müsahibə verib. “Voronej” klubundan transfer olunan rusiyalı karyerasından və Azərbaycan klubundakı hədəflərindən danışıb.

- Debütantın şərəfini qoruyacaqsız. Voleybola nə vaxt və necə başladınız?

- Voleybolla 11 yaşımdan məşğul oluram. Valideynlər üçün bu idman növü çox doğmadır. Atam hakimdir, anam isə vaxtilə peşəkar voleybolçu olub. Beləliklə, bu, daha çox onların qərarı idi. Məni Rusiyanın ən yaxşı voleybol məktəblərindən birinin olduğu Çerepovets şəhərinə göndərdilər, orada tədricən voleybola aşiq oldum və indi valideynlərimə minnətdaram ki, bir vaxtlar mənim üçün bu məsələni həll ediblər.

- Voleybol mənim üçün... Siz davam edin.

- Ən çox sevdiyim iş və sözlə ifadə olunmayacaq duyğulardır.

- Artıq müəyyən təcrübəniz var. Karyeranızdakı ən vacib anlar - istər eniş, istər yüksəliş hansılar olub?

- İnanıram ki, bütün məqamlar bir növ müsbət təcrübə gətirir, hətta pisləri də. Amma bəlkə də ən yadda qalanı Rusiya Superliqasında məşq etmək və oynamaq təcrübəsidir.

- Azərbaycanda nəyi bəyənirsiniz?

- Azərbaycana yeni gəlmişəm. Amma ümumilikdə təəssüratlar yaxşıdır. Gəncənin mərkəzində memarlığı xoşlayıram.

- Niyə Azərbaycanı, “Gəncə”ni seçdiniz?

- Əvvəllər yalnız Rusiyada yarışırdım, başqa ölkənin çempionatında özümü sınamaq istəyirdim. Axı, bu, xaricdə ilk çıxış təcrübəmdir, ona görə də təklif mənə maraqlı gəldi.

- Ölkəmizdə voleybolun inkişafı barədə nə deyə bilərsiz?

- Düzünü desəm, əvvəllər Azərbaycan çempionatını izləmirdim. Amma burada yeni komandanın meydana çıxması məncə, ölkədə voleybolun inkişafından xəbər verir.

- “Gəncə” ilə 1 ildə və həyatda hədəfləriniz nədir?

- Təbii ki, komanda ilə maksimum yüksək nəticəni əldə etmək istəyirəm. Həm də bu mövsüm inkişafım üçün şəxsi məqsədlərim var.

Şəbnəm Rəhimova

İdman.biz