Azərbaycanın voleybol klublarının Avropa kuboklarındakı oyun proqramı müəyyənləşib

12 Sentyabr 2026 12:29
52
Azərbaycanın voleybol klublarının Avropa kuboklarındakı oyun proqramı müəyyənləşib

2026/2027 mövsümündə Avropa kuboklarında təmsil olunacaq Azərbaycanın voleybol klublarının oyun proqramı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq “Turan”ın qadın voleybolçulardan ibarət komandası ilk matçını oktyabrın 20-də saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost” (Zaqreb) klubuna qarşı keçirəcək. Cavab qarşılaşması oktyabrın 29-da saat 20:00-da Zaqrebdə olacaq.

Turnirdəki digər təmsilçi “Xilasedici”nin kişi voleybolçulardan ibarət komandası ilk görüşündə noyabrın 3-də saat 18:00-da Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Portuqaliyanın “Sportinq” (Lissabon) kollektivini qəbul edəcək. Tərəflər arasında cavab matçı noyabrın 11-də saat 19:30-da Lissabonda baş tutacaq.

Çelenc Kubokunun 1/32 final mərhələsində yarışacaq “DH Volley”in qadın voleybolçulardan ibarət komandası oktyabrın 27-də saat 19:00-da Danimarkada “Holte” komandasının qonağı olacaq. Cavab oyunu noyabrın 5-də saat 18:00-da Bakıda, FHN-in idman zalında təşkil olunacaq.

“Ordu”nun kişi voleybolçulardan ibarət komandası isə ilk matçında noyabrın 11-də saat 19:30-da səfərdə Norveçin “Forde” klubu ilə üz-üzə gələcək. Bu cütün cavab görüşü noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

İdman.Biz