Fərid Cəlalov: “Onları fiziki baxımdan yükləmək istəmirik” - VİDEO

Müsahibə
15 May 2024 13:01
117
Fərid Cəlalov: “Onları fiziki baxımdan yükləmək istəmirik” - VİDEO

“Zamanımızın az olmasına baxmayaraq, əlimizdən gələnin maksimununu etməyə çalışacayıq”.

İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov deyib.

O, millinin Qızıl Avropa Liqasına hazırlığını şərh edib. Cəlalov bildirib ki, əsas məqsəd oyunçuları formada saxlamaqdır: “Mövsüm bitən kimi milli komandanın təlim-məşq toplanışına başlamışıq. Bu gün komandadakı oyunçuları fiziki baxımdan yükləmək istəmirik. Qarşıdakı 6 oyuna komandanı fiziki, texniki və taktiki cəhətdən hazır etmək istəyirik. Yığma əsasən gənclərdən formalaşıb. Ötən ilki milli komanda ilə müqayisə etsək, bu il yığmada yenilər daha çoxdur. 7-8 oyunçumuz karyeralarını bitiriblər, bəziləri məşqçi kimi, digərləri isə başqa sahələrdə özlərini sınayırlar”.

Mütəxəssisin sözlərinə görə, MOİK-də və digər klublarında çıxış edən voleybolçulardan ibarət bir milli formalaşdırıblar: “4-5 təcrübəli və yaşlı voleybolçuları bu il də heyətdə saxladıq. Azərbaycan Voleybol Federasiyasının strategiyasına uyğun gəncləşmə siyasəti həyata keçiririk. Həmişə Gümüş Avropa Liqasında iştirak etmişik, indi isə reytinq baxımından daha yüksək yarışdır. Buradakı komandaların səviyyəsi daha yüksəkdir. Rəqiblərimiz də əvvəlkilərlə müqayisədə daha güclüdürlər. Əlimizdən gələni etməyə çalışacağıq. Əsas işimiz gənclərin təcrübə qazanmasıdır. Çünki gələcəkdə iştirak edəcəyimiz yarışlarda bu gənclər komandamıza dəstək olacaqlar”.

Qeyd edək ki, voleybolçularımız ilk sınağına Bakıda çıxacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz