Faiq Qarayev: “Heç kimlə problemim yoxdur”

Müsahibə
7 May 2024 13:33
Faiq Qarayev: “Heç kimlə problemim yoxdur”

“Hazırlıqlar yaxşı gedir. Amma vaxt çox azdır. Ölkə çempionatı bitəndən sonra 1 həftə vaxtımız var. Mayın 9-u isə Sloveniyaya yola düşürük”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis bu gün keçirdiyi brifinqdə bildirib ki, Qızıl Avropa Liqasına hazırlıqlar yüksək səviyyədə keçir: “Yığmaya qayıtmağımın bir səbəbi var. O da Azərbaycanda voleybolun inkişaf etməsidir. Bizim də bir qədər təcrübəmiz var. Hazırlıqlara başlamışıq. Millidə nə qədər gənc olduğunu görürsüz. 2026-cı ildə bizə lazım olan oyunçular dəvət alacaqlar. Onların çoxunun çempionatları hələ yekunlaşmayıb. Ona görə qərara gəldik ki, gəncləri hazırlamağa başlayaq. Amma indidən qalibiyyət haqqında danışmaq tezdir. Oyunçularımız gəncdirlər. Çoxu heç klublarında həmişə oynamırlar. Amma uduzmaqdan qorxmamalıyıq. Çünki hədəfimiz 2026-cı ildə keçiriləcək Avropa çempionatıdır”.

O bildirib ki, daha güclü olmaq üçün hələ bir qədər vaxt var: “Xarici klublarda oynayan gənc voleybolçularımızı qaytarmaq lazımdır. Onlar növbəti mövsümdə Azərbaycan klublarında oynamalıdırlar. Federasiyanın əsas hədəfi də məhz budur ki, legioner həyatı yaşayan gəncləri Azərbaycana qaytaraq. Məşqlər yaxşı keçir. Amma bunlara böyümək üçün ən azı 1 il vaxt lazımdır. Bu əlimdən keçən 5-ci və ya 6-cı nəsildir. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanda voleybol inkişaf etsin. Çoxu indi kömək lazım olanda Faiq müəllim deyir. Amma başqa məşqçilərimiz də var. Onlar da böyüyür. Biz yaşlanırıq. Onlar bizim yerimizi tutacaqlar. Sadəcə, məşqçilərə və voleybolçulara uğurlar arzulayıram. Arzum odur ki, Azərbaycanda voleybol öz yerini tapsın”.

64 yaşlı mütəxəssis bildirib ki, AVRO-2026 üçün heyət yığıldıqda güclü oyunçulardan heç kim diqqətdən kənar qalmayacaq: “Elə bir insanam ki, heç kimlə problemim yoxdur. Odina Əliyevanı da çox istəyirəm. Onları mən böyütmüşəm. Hansı oyunçu lazım olacaqsa, o da oynayacaq. Orda Polina Rəhimova, Liza Ruban, Ayşən Əbdüləzimova da var. Bu voleybolçuların hamısı qızıl fonddur. Biz gəncləri yığdıq ki, AVRO-2026-ya bu cavanlarla onları kompleks edək. Məqsədimiz budur. Qızıl Avropa Liqası güclü turnirdir. Xorvatiya, Slovakiya, İsveç, Rumıniya çox güclü rəqiblərdir. Amma döyüşmək, uduzmaqdan qorxmamaq lazımdır. Məqsəd bu gənclərlə təcrübəliləri bir araya toplamaqdır. Yəqin onda ortaya yaxşı komanda çıxacaq”.

Qeyd edək ki, millimiz mayın 17-də ilk oyunda Xorvatiya ilə üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: