“Azərreyl”in prezidenti: “Avrokuboklarda nəticə qazanmaq niyyətindəyik”

Müsahibə
23 Aprel 2024 10:44
114
“Azərreyl”in prezidenti: “Avrokuboklarda nəticə qazanmaq niyyətindəyik”

“Çox gözəl oyun keçdi. Azərbaycan voleybol tarixində belə bir final xatırlamırıq”.

İdman.biz xəbər verir ki, bunu “Azərreyl”in prezidenti Orxan Kərimov klubunun mətbuat xidmətinə deyib.

O, Azərbaycan çempionatının finalında “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Klub rəhbəri bildirib ki, bir neçə il ardıcıl Azərbaycan çempionuna, avrokubok təcrübəsi olan komandaya qarşı oynamaq heç də asan deyil: “Çünki “Azərreyl”in kişi komandası ikinci mövsümdür ki, çıxış edir. İlk dəfə 2019/2020 mövsümündə yaradılıb. O zaman da pandemiya dövrünə təsadüf etdiyi üçün çempionat dayandırılıb. Demək olar ki, ilk dəfə “Azərreyl” kişi komandası ilə bu mövsüm belə mübarizə aparıb, finala qədər gəlib. Həlledici matç barədə nəsə danışmaq isə çox çətindir. Set sayları və ümumi hesab matçın nə dərəcədə gərgin keçdiyini göstərir. Rəqib komandanı da gözəl mübarizə apardıqları üçün təbrik edirəm. “Azərreyl” çox yaxşı nəticə əldə etdi. Oyunçulara, məşqçi və inzibati heyətimizə çox sağ ol düşür. Bu, birgə əməyin nəticəsidir. Demək olar ki, debütant komanda çempion oldu. Bir ssenarini canlı yaşadıq”.

O, komandanın gələcək planlarına da toxunub: “Ümid edirəm ki, növbəti mövsümdə də güclü heyətlə çıxış edəcəyik. Həmçinin qeyri-adi bir hal baş verməsə, avrokuboklarda iştirak etmək və yaxşı nəticə qazanmaq niyyətindəyik. Daha çox yerli və gənc oyunçularımızı milliyə hazır etmək istəyirik. Hazırda da klubumuzda belə 5 gənc oyunçu var. Əlbəttə ki, gənclər böyük oyunçuların yanında inkişaf edirlər. Onlara da bu şansı yaratdığımız üçün qürurluyuq. Qələbədən savayı, həmçinin hər zaman gənclərə önəm vermişik. Bu gün bizi çox gözəl mübarizə gözləyir. Qadınlardan ibarət “Azərreyl” “Abşeron”la qarşılaşacaq. Açılış oyununda biz bu kluba qarşı 1:3 hesabı ilə uduzmuşuq. Bu gün bizim üçün revanş oyunudur. “Abşeron” da çox yaxşı komandadır, böyük hörmətimiz var. Komanda kimi çox gözəl oyun sərgiləyib, baxımlı voleybol göstərirlər. Mayın 4-də bizi U-16 qızların və oğlanların finalı gözləyir. Orda da oğlanlarımız yarımfinal mərhələsində çıxış edirlər. Fikrimcə, orda da istədiyimiz kürsüyə çıxa bilərik”.

Qeyd edək ki, "Azərreyl" ilk dəfə qızıl medal qazanıb.

İdman.biz

Məqalədə: