“Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi start götürüb - FOTO

Xəbərlər
20 Mart 2024 01:27
107
“Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi start götürüb - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsini təşkil edib.

İdman.biz xəbər verir ki, Bakıda start götürən düşərgəyə 2010-2013-cü illər təvəllüdlü qızlar cəlb olunub.

Martın 26-na kimi davam edəcək toplanışda Sumqayıt, Oğuz, Hacıqabul, Naxçıvan, Gəncə, Tovuz və Bakı RVK-larına daxil olan bölgələrdə aparılan seçimlər zamanı fərqlənən 85-ə yaxın voleybolçu qız iştirak edir.

Düşərgənin ilk günündə iştirakçı uşaqlarla görüş keçirilib. GİN-nin Voleybol Mərkəzində baş tutan görüşdə 6 günlük toplanışda hər yaş qrupuna gündə iki dəfə məşqlər keçiriləcəyi bildirilib. Burada uşaqlara voleybolun incəlikləri öyrədiləcək, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək. Şahin Çatmanın rəhbərlik etdiyi düşərgənin məşqləri isə AVF-nin idman zalında baş tutacaq.

Qeyd edək ki, ötən ilin avqust ayından start verilən “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi bu il Sumqayıt, Gəncə-Tovuz və Naxçıvan şəhərlərində də keçirilib. Uşaq voleybolunun inkişafı istiqamətində tədbirlər çərçivəsində baş tutan belə düşərgələr mütəmadi təşkil olunacaq. Bu düşərgələrin keçirilməsində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.

İdman.biz