Azərbaycanın “Turan” Voleybol Klubu heyətini Yelizaveta Rubanla gücləndirib.
İdman.Biz xəbər verir ki, Azərbaycan milli komandasının üzvü olan təcrübəli hücumçu 2026/27 mövsümündə “Turan”ın formasını geyinəcək. O, həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa kuboklarında komandanın uğurları üçün mübarizə aparacaq.
Ruban karyerası ərzində Azərbaycanın “Rabitə Bakı” və “Telekom Bakı”, İtaliyanın “Savino Del Bene Scandicci”, Türkiyənin “Bolu Belediyespor”, Rumıniyanın “CSM Lugoj” və “CS Volei Alba-Blaj” klublarında çıxış edib. Onun sonuncu klubu Rusiyanın “Leninqradka” olub.
Təcrübəli voleybolçu müxtəlif illərdə CEV Kubokunda mükafatçı olub, Rumıniya Liqası və Rumıniya Kubokunun qalibi adını qazanıb, həmçinin CEV Challenge Kubokunda çempionluq yaşayıb. O, 2022/23 mövsümündə CEV Challenge Kubokunun ən yaxşı bombardiri, Rumıniya Kubokunun MVP-si və Rumıniya Liqasının ən yaxşı hücumçusu seçilib.
Ruban 2024/25 mövsümündə də Rumıniya Kubokunun ən yaxşı bombardiri və ölkə çempionatının ən yaxşı hücumçusu adına layiq görülüb.
Azərbaycan milli komandasının heyətində isə İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı olub.
