“Qadın voleybolçulardan ibarət “Turan” komandasının CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki cavab oyunu istənilən kimi alınmayıb”.
Bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov deyib.
O, Xorvatiyadav yerli “Mladost” komandasına 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb.
“Çox ağır oyun oldu. Yol yorğunluğu, ölkələr arasındakı üç saatlıq fərq var idi. Hazırlaşmaq üçün də çox vaxtımız olmadı. Oyunumuz tam istədiyimiz kimi alınmadı. Amma rəqib də yaxşı komandadır. Bizdə demək olar ki, heyət yenilənib. Onlar isə uzun müddətdir ki, bir yerdə oynayırlar. Anlaşma onlarda daha yaxşı idi. Voleybolçularımızın təcrübəsi sözünü dedi. Meydançada xarakter göstərdilər”, - deyə o report.az-a açıqlamasında bildirib.
Z.Rəcəbov rəqibin onları təxribata çəkdiyini söyləyib:
“Rəqibin baş məşqçisi idmançıya yaraşmayan hərəkətlər etdi. Biz onları Tovuzda necə qarşılamışdıqsa, tam əksini gördük. İtaliyalı baş məşqçiləri Rikkardo Boieri məğlubiyyətlə barışmaq istəmirdi. Oyunçularıma təşəkkür etmək istəyirəm. Çox əziyyət çəkdilər. Azərbaycanın Xorvatiyakı səfirliyindən də bizə dəstək oldu”.
Mütəxəssis III təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubu ilə üz-üzə gələcəklərini xatırladıb:
“Onlar da gənc kollektivdir. Hələlik rəqiblə bağlı dəqiq məlumatımız yoxdur. “Maritsa”nı təhlil edəcəyik”.
